Avstriyada ikinci sınağımız: Yığmamıza Pandevsiz Makedoniya qiymət verəcək
28.05.2010 - 13:09
Avstriyada ikinci sınağımız: Yığmamıza Pandevsiz Makedoniya qiymət verəcək
Sabah Azərbaycan milli komandası Avstriyadakı təlim-məşq toplanışında ikinci yoldaşlıq görüşünü keçirəcək. Apasport.az saytının məlumatına görə, Moldova yığması ilə 1:1 hesablı heç-heçə edən Berti Foqtsun yetirmələri bu dəfə Makedoniya ilə qüvvəsini sınayacaq. Sözsüz ki, bu dəfə daha güclü rəqiblə görüşəcəyimizdən bizi ciddi sınaq gözləyir. Düzdür, FİFA-nın son reytinqində 61-ci olan makedoniyalıların lideri, əsas qol ümidi olan Qoran Pandev yığmamıza qarşı oynamayacaq. Rəqib komandanın baş məşqçisi Mirsad Yonuz İtaliyanın “İnter” klubunun heyətində Çempionlar Liqasının son qalibi olan 27 yaşlı hücumçunu çağırmağı lazım bilmədi. Ancaq bununla belə, Foqts futbolçularımızı zəif rəqiblə yoxlamayacaq. Moldova ilə oyunda qələbəni sonda əldən verən, yaxşı təsir bağışlamayan yığmamızın heyətində dəyişiklərin olacağı gözlənilir.

Milli komandamızın Makedoniyalı ilə keçirdiyi bütün oyunlar İqor Ponomaryovun baş məşqçiliyi dövrünə təsadüf edib. Ancaq 1 il ərzində keçirilən bu üç oyunun heç birində qalib gələ bilməmişik. İlk oyun Bolqarıstanın Varna şəhərində hazırlıq prosesi çərçivəsində yoldaşlıq, sonrakı ikisi isə rəsmi görüş olub. Makedoniyalılara qol vuran futbolçularımız “Qəbələ” klubunun sabiq baş məşqçisi Ramiz Məmmədovla hücumçusu Fərrux İsmayılov olub. Kamal Quliyevin belə real imkanı olsa da, o, Skopyedə keçirilən görüşdə hesab 0:0 olarkən penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. Yeri gəlmişkən, həmin oyunda dubl edən məşhur makedoniyalı hücumçu Georgi Xristov “Bakı”nın çempion olduğu mövsümdə (2008/09) onun heyətində yer alıb. “Bakı”nı həmin vaxt ölkə çempionu edən makedoniyalı Qyoko Hacıyevski milli komandasının çalışdırıcıları arasında ən yaxşı göstəriciyə imza atıb. Makedoniyanın 21 yaşlılardan ibarət yığması ilə rəsmi oyunumuz isə futbol tariximizə düşüb.

Belə ki, 21 yaşlılardan ibarət yığmamız səfərdə rəsmi oyunda ilk qələbəni (2:1) 10 il öncə Samir Əliyevin dublu sayəsində Makedoniyada qazanıb.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 21:30-da başlayan, “Xəzər TV”nin canlı yayımlayacağı Azərbaycan – Makedoniya oyunu Bişofshofen şəhərində keçiriləcək. Zalsburq şəhərindən 50 km aralıda yerləşən, 10 min əhaliyə malik bu kiçik şəhər dəniz səviyyəsindən 544 m yüksəklikdədir.

Azərbaycan və Makedoniya milli komandalarının görüşü

2000-ci il

27 iyul. Varna. Yoldaşlıq görüşü. Makedoniya – Azərbaycan - 2:1
Qol: Ramiz Məmmədov

6 oktyabr. Skopye. DÇ-2002-nin seçmə mərhələ oyunu. Makedoniya – Azərbaycan - 3:0

2001-ci il
5 sentyabr. Bakı. DÇ-2002-nin seçmə mərhələ oyunu. Azərbaycan – Makedoniya - 1:1
Qol: Fərrux İsmayılov
Baş məşqçi: İqor Ponomaryov

Mehman SÜLEYMANOV