“Bakı” klubu Jaba ilə 2 illik müqaviləni razılaşdırıb
28.05.2010 - 13:34
“Bakı” klubu Jaba ilə 2 illik müqaviləni razılaşdırıb
Azərbaycan kubokunun son qalibi olan “Bakı” klubu braziliyalı hücumçusu Jabanı heyətində saxlamaq istəyir. Klubun baş meneceri Zeynal Məmmədov apasport.az saytına 29 yaşlı legionerə yeni müqavilə təklif etmələri haqda məlumat verib. Məmmədovun sözlərinə görə, ötən yay Türkiyə Superliqasından transfer etdikləri Jaba bitən anlaşmasının müddəti uzatmağa razılığını verib: “Biz onunla demək olar hər şeyi razılaşdırmışıq. Yalnız müqavilənin bağlanıb, məsələnin notarial səviyyədə rəsmiləşməsi qalıb. Özü də Jabaya bir yox, iki illik müqavilə təklif etmişik. Braziliyalı futbolçu da buna razılığını bildirib. Jabaya Türkiyə klublarından təkliflər olduğunu bilirik. Hər halda, inanırıq ki, o, bizə verdiyi sözə əməl edəcək.

Futbolçumuzla münasibətləri istirahətdən qayıdandan sonra rəsmiləşdirmək fikrindəyik”. “Bakı” istirahətdə olan futbolçularını iyunun 10-da bir araya gətirərək, vəsiqə qazandığı Avroliqanın ikinci təsnifat mərhələsinə hazırlığa başlayacaq.

Qeyd edək ki, Jaba ötən çempionatda vurduğu 10 qolla “Bakı”nın ən sərrast oyunçusu, bombardirlər yarışında 4-cü olub.