Azərbaycan - Makedoniya: Avstriyada ilk məğlubiyyətimiz
29.05.2010 - 22:34
Azərbaycan - Makedoniya: Avstriyada ilk məğlubiyyətimiz
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan yığması bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək. Apasport.az saytının məlumatına görə, Berti Foqtsun yetirmələri Makedoniya millisi ilə oyunda qüvvəsini sınayacaq.

Üç gün əvvəl Moldova ilə “sülh”ə razılaşan komandamız daha güclü balkanlılarla qarşılaşmada məğlubiyyətsiz oyunlar seriyasını davam etdirməyə çalışacaq. FİFA-nın son reytinqində 61-ci olmasına baxmayaraq, makedoniyalılar millimiz qarşısına idealdan uzaq heyətlə çıxacaq.

Belə ki, rəqibimizin lideri, əsas qol ümidi olan Qoran Pandev komandamıza qarşı oynamayacaq. Buna Makedoniya yığmasının baş məşqçisi Mirsad Yonuzun İtaliyanın “İnter” klubunun heyətində Çempionlar Liqasının son qalibi olan 27 yaşlı hücumçuya istirahət vermək qərarı səbəb olub.

Bakı vaxtı ilə saat 21:30-da keçiriləcək görüş Bişofshofen şəhərində baş tutacaq. Zalsburq federal torpaqlarının Sankt-Yohan Ponqau dairəsindəki bu şəhər təxminən 10 min əhaliyə malikdir. Zalsburq şəhərindən 50 km aralıda yerləşən kiçik şəhər dəniz səviyyəsindən 544 m yüksəklikdədir.

Qeyd edək ki, apasport.az saytının Avstriyaya ezam olunmuş müxbiri oyunun onlayn nəticəsini təqdim edəcək. Dəyərli oxucularımız görüşdən sonra baş məşqçi və futbolçuların fikirləri ilə də tanış ola bilər.

Azərbaycan – Makedoniya
Baş hakim: Ditmar Drabek (Avstriya)
Azərbaycan: 1. Kamran Ağayev, 5. Elnur Allahverdiyev, 15. Ruslan Abışov, 21. Vladimir Levin (13. Vurğun Hüseynov, 46), 18. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k) (9. Samir Abbasov, 75), 16. Amit Quluzadə, 8. Aleksandr Çertoqanov, 4. Mahir Şükürov, 24. Fərid Quliyev (10. Elvin Məmmədov, 46), 11. Rauf Əliyev (20. Fabio Luis Rami, 75)
Makedoniya: 1. Tom Pakovski, 3. Qoran Popov, 5. İqor Mitrevski (k) (Qoçe Setkovski, 54), 6. Slavko Georgiyevski (Banço Çiko, 72), 8. Veliç Şumivolivski, 9. Mənsur Kurtişi, 11. Stivitsa Ristik (10. Mario Qsurpvski, 59) 13. Filip Despatovski, 14. Vlado Lazarevski (11. Aleksandr Todorovski, 71), 15. Popan Qrukavor, 18. İvan Treşekosvki
Ehtiyat oyunçular: Edin Nurədinovski, 2. Nivdaç Noveski, 4. Qoçe Setkovski, 10. Mario Qovrovski, 19. Baze İliqovski, 20. Banço Şiko, 21. Aleksandr Todorovski

Oyun Makedoniya yığmasının ucbatından nəzərtə tutulduğu vaxtdan gec başlayacaq. Buna səbəb rəqibin oyun keçirilən stadiona gələrkən tıxacda ilişməsidir. Bu səbəbdən hər iki komandanın razılığı ilə oyun 15 dəqiqə, yəni Bakı vaxtilə saat 21:45-də start götürəcək.
Görüşlə bağlı daha bir problem yaranıb. Belə ki, hazırda Avstriyada, oyun keçiriləcək şəhərdə güclü yağış yağır. Bu səbəbdən komandalar çətin hava şəraitində mübarizə aparmalı olacaq.
Foqts Moldova yığması 1:1 hesabı ilə nəticələnən oyunla müqayisədə əsas heyətdə yalnız bir dəyişiklik edib. Belə ki, moldovalılara qol vuran Elvin Məmmədov bu dəfə ehtiyatda qalıb. Onu oyun qurucusu mövqeyində Amit Quluzadə əvəzləyəcək. Bununla da 21 yaşlı yarımmüdafiəçi milli komandamızda debüt edir. Foqts Abışovla Sadıqovun mövqeyini dəyişib. Ruslan adət etdiyimiz müdafiənin mərkəzində Levinlə birgə oynayacaq. Rəşad isə vaxtilə yığmamızda çıxış etdiyi dayaq yarımmüdafiəçisi mövqeyində yer alıb. Rauf yarımmüdafiənin sol cinahından hücumun mərkəzinə keçib. Ötən çempionatımızın bombardiri olan Fərid isə hücumdan Raufun mövqeyinə çəkilib.

9-cu dəqiqə. Rəqibin qapıya ilk zərbəsi qolla nəticələnir. Treşekovski sol cinahdan Kurtişinin ötürməsini sinəsi ilə qəbul edərək, topu qapımızdan keçirir. Bu epizodda Medvedev mövqe səhvinə yol verir.
21-ci dəqiqə. Yığmamız ilk təhlükəli hücumda hesabı bərabərləşdirmək üçün real imkan qazandı. Ancaq Mahir Raufun sol cinahdan reydindən sonra dəqiq ötürməsini qola çevirə bilmir.
22-ci dəqiqə. Treşekovskinin buna cavabı təhlükəli alınır. Ancaq İvan dubl etmək üçün yaxşı imkanı əldən verir. Bu anda çoxları topun qapımızdan keçdiyini zənn etdi və hətta monitorda hesab 2:0 göstərildi. Ancaq bu səhv tezliklə aradan qaldırıldı.
25-ci dəqiqə. Fəridin təhlükəli zərbəsi dirəyin yanından keçir.
27-ci dəqiqə. Komandamız oyunda taktiki dəyişiklik edir. Belə ki, Fərid hücumun mərkəzinə qayıdır və onu yarımmüdafiənin sol cinahında müdafiəyə meylli Çertoqanov əvəzləyir. Hesabı bərabərləşdirməyə çalışan yığmamız iki hücumçu ilə oynayır.
32-ci dəqiqə. Top rəqibin əlinə dəysə də, avstriyalı hakim bu epizodu penalti zərbəsi kimi qiymətləndirmir.
41-ci dəqiqə. Çertoqanovun qapıya dəqiq zərbəsini rəqib qapıçı tutur.
44-cü dəqiqə. Mahirin sağ cinahdan ötürməsindən sonra Amitin yaxın məsafədən zərbəsi alınmır.
45-ci dəqiqə. Baş hakim oyuna əlavə vaxt təyin etməməyi azmış kimi, ilk hissəni 32 saniyə tez bitirir.

46-cı dəqiqə. Yığmamız ikinci hissəyə iki əvəzetmə ilə başlayır. Vurğun Hüseynov Moldova ilə görüşdə olduğu kimi Levinin yerinə meydana çıxır və müdafiənin mərkəzində yer alır. Həmin oyunda yeganə qolumuzun müəllifi olan Elvin Məmmədov Fəridi əvəzləyir.
54-cü dəqiqə. Rəqibin heyətində tarixi an baş verir. Belə ki, Qoçe Setkovkski Makedoniya yığmasında 100-cü oyun keçirən ilk futbolçu kimi tarixə düşür. O, kapitan İqor Mitrevskini əvəzləyir.
60-cə dəqiqə. Ruslanın col cinahdan ötürməsindən sonra Elvin başla yüzfaizli qol imkanını boşa verir.
61-ci dəqiqə. Çertoqanov qapıçı ilə təkbətək qalsa da, hakim ofsayd qeydə alır və bu, futbolçularımızın narazılığına səbəb olur.
65-ci dəqiqə. Despotovskinin col cinahdan ötürməsindən sonra Sadıqov başla avqtolola imza atır.
73-cü dəqiqə. Ruslan vaxtında müdaxiləsi ilə rəqibin hesabı 3:0 etməsinə imkan vermir.
76-cı dəqiqə. Foqts yenə birdən-birə iki əvəzləmə edir. Samir Abbasov Rəşadın, Fabio Luis Ramim Raufun yerinə meydana daxil olur.
80-ci dəqiqə. Avstriyalı baş hakim oyunda ilk sarı vərəqəni kobud oyuna görə Despotovskiyə göstərir.
83-cü dəqiqə. Əvəzlənən kapitanımız ehtiyat oyunçular skamyasından Amitə irad bildirir. Bu da mərkəz yarımmüdafiəçisinin autu yerinə yetirməsi ilə bağlıdır. Rəşad bunu cinah oyunçusunun etməli olduğunu Quluzadəyə işarə vurur və sonuncu topu Maksimə verir. Az sonra Amitin hesab arasındakı fərqi azaltmasına ofsayd işarəsi imkan vermir.
87-ci dəqiqə. Qurevski Medvedevi asanlıqla keçərək, hesabı 3:0-a çatdırır.
90-cı dəqiqə. Elvin rəqibin səhvindən istifadə edərək hesab arasındakı fərqi azaldır. Bununla da Məmmədov Avstriyada keçirdiyimiz yoxlama oyunlarında qol vuran yeganə futbolçumuz olaraq qalır. Baş hakim oyuna 3 dəqiqə əlavə edir və görüş 1:3 hesablı məğlubiyyətimizlə nəticələnir. Yığmamız Avstriyada hazırlıq prosesində ilk məğlubiyyətini alır. Foqtsun komandası orada sonuncu yoxlama oyununu iyunun 2-də DÇ-2010-un iştirakçısı Honduras millisi ilə keçirəcək.