Berti Foqts: Uduzsaq da, komandanın göstərdiyi oyundan razı qaldım
29.05.2010 - 23:04
Berti Foqts: Uduzsaq da, komandanın göstərdiyi oyundan razı qaldım
“İlk növbədə rəqibi qələbə münasibətilə təbrik edirəm. Fikrimcə, hesab oyuna görə olmadı. Biz belə hesablı nəticəyə layiq deyildik”. Apasport.az saytının Avstriyaya ezam olunmuş müxbirinin məlumatına görə, bu fikirləri Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts Makedoniya millisinə 1:3 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündən sonra jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, komandamız meydanı məğlub tərk etsə də, pis təsir bağışlamadı: “Məğlubiyyətə baxmayaraq, oyunumuzdan razı qaldım. Düzdür, futbolçularımız oyuna zəif başlasa da, ilk 15-20 dəqiqədən sonra oyunumuzu tapa bildik. Rəqib əlinə düşən qol imkanlarından istifadə etdiyi üçün bizə qalib gəldi. Bizim də belə imkanlarımız olsa da, yalnız bir qol vura bildik. Makedoniya yığması bu komponentdə bizi üstələdi”.

Alman çalışdırıcı hava şəraiti və millimizdə debüt edən Amit Quluzadə haqda da danışıb: “Allahı işinə qarışa bilmərəm. Deməli, belə hava şəraitində oynamalı idik. Hər halda, yaxşı oldu ki, güclü yağış altında oynadıq. Çünki Avstriya yığması ilə bir qrupa düşdüyümüzdən bu ölkədə yenə oynayacağıq və onun hava şəraitinə uyğunlaşmalıyıq. Amitə gəlincə, o, bu gün əsas yığmada ilk oyununa çıxdı. Quluzadənin oyunundan razı qaldım. O, meydanda ürəklə oynayırdı, mübarizədən çəkinmirdi”.

Qeyd edək ki, yığmamız Avstriyada ilk yoxlama oyununda Moldova millisi ilə 1:1 hesablı heç-heçə edib.