“Çox pul alanda, onların başları gicəllənir”
30.05.2010 - 10:20
“Çox pul alanda, onların başları gicəllənir”
Azərbaycan yığma komandasının və “Qarabağ”ın yarımmüdafiəçisi Rəşad Sadıqovun apasport.az saytına müsahibəsi

- İstirahətiniz necə gedir?
- Mövsüm başa çatdıqdan sonra komanda üzvləri istirahətə buraxılıb. İndi 6-7 oyunçumuz yığmanın düşərgəsindədir. Əfran İsmayılovla mənim zədəm var. Buna görə də tam istirahət edə bilmirik. Bir gündən bir dəniz qırağında qaçıram ki, əzələlərim bərkisin. İndi ağır məşqlər keçəcəyəm. Hələ ki, ağrılarım tam gücümlə hazırlaşmağa, eyni zamanda istirahət etməyimə imkan vermir.

- Nə əcəb dincəlmək üçün hansısa ölkəyə getmirsiniz?
- Əsas problem zədəmlə bağlıdır. Müalicə prosesi davam etdiyindən, hansısa xarici ölkəyə yollana bilmirəm. Ola bilsin, Ankaraya yollanıb və həkim nəzarətindən keçdim.

- Ümumiyyətlə, hansısa ölkədə dincəlməyi xoşlayırsınızmı?
- Təbii ki, xoşlayıram. Sözün düzü, indiyə qədər sırf dincəlmək məqsədi ilə harasa getməmişəm. Ancaq çox istəyirəm ki, yorğunluğu, stressi atmaq üçün hansısa ölkəyə gedim. Ən çox bəyəndiyim yer Malaqadır. “Neftçi”nin heyətində orada təlim-məşq toplanışı keçirmişdik. Şəhər dəniz kənarında yerləşir. Ora getmək istəyərdim.

- Futbol oynamadığınız vaxtlarda itirib-axtaranın olurmu?
- Dostlarım demək olar, həmişə yanımda olurlar. Klub rəhbərliyi də öz dəstəyini əsirgəmir. Başa çəkə bilməyənlər telefon vasitəsiylə əlaqə saxlayırlar. Mətbuat nümayəndələri də tez-tez axtarır, hal-əhval tutur, tək buraxmırlar.

- Unudulmaqdan necə, qorxmursunuz?
- İndi yox. Çünki bu prosesi artıq bir dəfə yaşamışam. “Neftçi”dən kənarlaşdırılanda 3 ay futbol oynamadım və klubsuz qaldım. Onda həqiqətən unudulmuşdum. Heç bir dəstək hiss etmirdim. Ona görə də, daha unudulmaqdan qorxmuram.

- Bağışlamağı bacarırsınızmı?
- Əlbəttə, hər bir insan bağışlamağı bacarmalıdır. İnsanın ürəyində kin qalmamalıdır.

- Elə hal olubmu ki, qorxduğunuz başınıza gəlsin?
- “Neftçi”də yaşadıqlarımı deyə bilərəm. 6 ilə yaxın idi bu komandanın formasını geyinirdim. Gözləməzdim ki, bizi birdən birə komandadan kənarlaşdırsınlar. Bu halla rastlaşdıqdan sonra bir qədər məyus oldum. Təsəvvür edin, bütün günü evdə otururdum. Nə məşq edir, nə də harasa gedirdim.

- Futbolçu üçün evdə oturmaq yəqin ki, çətindir?
- Həm də çox çətindir. İndi zədəli olduğum üçün meydana çıxa bilməməyim, mənə çox pis təsir edir. Oyunda olarkən, istər-istəməz matçın həyəcanı hakim kəsilir. Kənardan fərqli görünür.

- Bizim futbolçular mətbuata niyə qapalıdırlar? Daha doğrusu, şəxsi həyatları barədə niyə danışmırlar?
- Bu, mentalitetimizdən irəli gəlir. Biz şəxsi həyatımız, ailəmiz barədə danışmağı sevmirik. Əslində, bu yaxşı haldır. Ancaq legionerlər üçün bunun fərqi yoxdur.

- Azarkeşlər oyunlarını izlədiyi futbolçuları fərd kimi də tanımaq istəyirlər. Onları bundan niyə məhrum edirsiniz?
- Bu da düzdür. Lakin ailə barədə çox danışmağı sevmirik.

- Deyirlər dost çox olmur. Bu fikirlə razısınızmı?
- Bu ifadədə həqiqət var. İnsana yaxın olan insanların sayı dostdan daha çox olur.

- Ailə həyatı qurmusunuz?
- Bəli.

- Neçə yaşında evlənmisiniz?
- 25 yaşında. Toyum 2008-ci ildə olub.

- Sevib evlənmisiniz, yoxsa böyüklərin məsləhəti ilə ailə qurmusunuz?
- Susur (işarə ilə bu mövzuda danışmaq istəmədiyini bildirir).


- Sevmisinizmi?
- Bu, hər bir insanın başına gəlir. Təbii ki, sevmişəm.

- İlk məhəbbətiniz yadınızda qalıbmı?
- Onlar yadda qalan olmur.

- Görürük ki, bu mövzu ətrafında danışmaq istəmirsiniz. Bəs fanatlarınız arasında qızlar varmı?
- Var. Ancaq daha dostluq eləyəcək qədər yaxın deyilik. Onlar oyunlarımızı izləyir, azarkeşlik edirlər.

- Bəs sizə yaxınlaşıb, nəsə deyiblərmi?
- Avropa Liqasının oyunlarından sonra təşəkkür ediblər. Daha zəng vurmaq olmayıb.

- Necə düşünürsünüz, qızla oğlanın dostluğu baş tuta bilərmi?
- Bu, mümkün deyil. Həyata sınanılıb və belə deyim var ki, qızla oğlanın dostluğu mümkün deyil.

- İnsanın xoş anları ilə yanaşı, üzüldüyü məqamlar da olur. Siz üzüldüyünüz anlarda kimin dəstəyinə ehtiyac duymusunuz?
- Daha çox ailəmin və əsl mənasında dost-tanışın dəstəyinə ehtiyac duymuşam.

- Bu cür halla rastlaşdığınız vaxt, həmin dəstəyi duymusunuzmu?
- Ötən il Avropa Liqasının üçüncü mərhələsində “Qarabağ” səfərdə “Honka”nı məğlub etdi. Bakıya düşəndə hava limanında mənə 8 aylıq oğlumun dünyasını dəyişməsi xəbərini dedilər. Çox pərişan olmuşdum. Bu stressdən çıxmağımda dostlarımın köməyi oldu. Özümü toxtadım və oyunlara çıxdım.

- Həyatda arzularınıza çatmısınızmı?
- Qismətdən artıq nəsə yemək olmaz. Nə istəmişəm, uca yaradan arzuma çatdırıb.

- Futbolçu olduğunuza görə, nə vaxtsa peşman olmusunuzmu?
- Belə məqamlar olub. Xüsusilə də təlim-məşq toplanışları zamanı istər-istəməz öz özümüzə deyinirik. Yəni insan bu qədər qaçmaz. Ancaq bu yorğunluqla bağlıdır. Qəlbdən gələn sözlər deyil.

- Qazancınız sizi qane edirmi?
- Son 4-5 ildə futbolçuların əmək haqları artırılıb. Təbii ki, bu da bizi qane edir.

- Əvvəl deyirdilər ki, futbolçular meydana “peraşki” yeyib çıxırdı. Birdən birə hadisələrin bu cür axın edəcəyini gözləyirdinizmi?
- Gözlənilirdi. İndiki vaxtla müqayisədə əvvəllər Avropada da futbolçuya bu qədər pul verilmirdi. Bunun belə getməyəcəyi gözlənilirdi. Ona görə də futbolu yarımçıq atmadım. Yadımdadır, o vaxt Buzovnadan məşqə gələndə qardaşımla 3-4 avtobus dəyişirdik. Dünya futbolunda baş verən dəyişikliklər bizdən yan keçmədi.

- Azərbaycan reallıqlarını nəzərə alsaq, futbolçulara həddindən artıq pul verildiyini düşünmürsünüz?
- Qazaxıstan, Özbəkistan kimi ölkələrlə müqayisə etsək, çox deyil. Çünki bu gün Özbəkistan Rivaldo kimi oyunçunu, Ziko, Skolari kimi dünyada tanınmış mütəxəssisləri baş məşqçi postuna gətirir. Onların gəlişi asan deyil. Milyonlarla dollar xərclənir.

- Ancaq bu bəzilərində başgicəllənməsi yaradır..
- Bu fikirlə razıyam. Xüsusilə də gənclərdə bunun tez-tez şahidi oluruq. Onlar “ulduz” xəstəliyinə tutulurlar. O cür oyunçular bir balaca çox pul alan kimi başları gicəllənir.

- Maşınını tez-tez dəyişirsiniz?
- Xeyr. Sadəcə, sevdiyim modeli almışam.

- Sürət həddini aşırsınızmı?
- Boş yol olanda sürətli sürürəm. Ancaq yolda maşın çox olanda tələsmirəm.

- Yol polisləri ilə ilə aranız necədir?
- Sağ olsunlar, yığmanın və “Qarabağ”ın futbolçusu olduğumuzu biləndə, hörmət edirlər.

- Daha çox nəyə görə saxlayırlar?
- 99 faiz təhlükəsizlik kəmərini taxmadığıma görə saxlayırlar. Düzdür, bundan istifadə etmək lazımdır. Ancaq narahat olduğuna görə, kəməri taxmıram.