“Azərbaycan banan respublikası deyil, orada futbolu sevir, anlayırlar”
31.05.2010 - 10:02
“Azərbaycan banan respublikası deyil, orada futbolu sevir, anlayırlar”
“Azərbaycan çempionu olmağım təkcə mənim xidmətim deyil. Bu, rəhbərliyin, Kaxaber Sxadadze başda olmaqla məşqçilər korpusunun, futbolçuların və azarkeşlərimizin ümumi qələbəsidir. Əlbəttə, mən çempion olmağıma və son turda etdiyim het-trikə görə çox şadam”. Apasport.az saytının məlumatına görə, bu fikirləri ötən mövsüm Bakının “İnter” klubunun heyətində Azərbaycan çempionu olan Robertas Poşkus deyib.

Unibank Premyer Liqasının son turunda “Qəbələ”ylə ev oyununda (4:1) etdiyi het-triklə komandasını qızıl medallara daşıyan litvalı hücumçu buna asanlıqla nail olmadıqlarını bildirib: “İnanın ki, bu qələbə bizə hədsiz dərəcədə çətin başa gəldi. Çempionluq uğrunda mübarizə son tura kimi getdi və biz onda favorit deyildik. Ancaq necə deyərlər, qızıl medallar bununla qiymətlidir”.

Poşkus uzun illər oynadığı Rusiya çempionatı ilə Premyer Liqamızı müqayisə edib: “Əlbəttə, Azərbaycan çempionatının səviyyəsi Rusiyadakı kimi yüksək deyil. Bir neçə yaxşı klub var, ancaq bundan artıq yox. Orada çox şey çatışmır: meydançalar, təşkilatçılıq, yüksək səviyyəli futbolçular, xüsusilə söhbət yerli oyunçulardan gedəndə. Ancaq Azərbaycan banan respublikası deyil. Oradakı insanlar futbolu sevir və başa düşür”.

“İnter”lə müqaviləsi bitən Robertas anlaşmasını uzatmaq fikrində deyil. O, başqa klubda oynamaq istədiyini söhbətləşdiyi rus həmkarımıza işarə vurub: “Gələcək karyeram haqda istirahət etdiyim zaman düşünəcəyəm. Özümdə Azərbaycan çempionatından yüksək səviyyəli liqada oynamaq gücünü hiss etdiyimi gizlətmirəm. Rusiyadan təklifi məmnuniyyətlə nəzərdən keçirərdim. Ötən yay “Ural” klubunda olduğum zaman Azərbaycandan sərfəli təklif gəldi və mən onu qəbul etdim. Yaxşı ab-hava, çempionluq uğrunda oynayan klub, yaxşı məşqçi vardı. “Ural” da həmin vaxt “İnter”ə keçidimə əngəl törətmədi”.