Bakıda coşan futbolçu Avropa çempionatının taleyini həll etdi
31.05.2010 - 10:18
Bakıda coşan futbolçu Avropa çempionatının taleyini həll etdi
17 yaşadək futbolçulardan ibarət milli komandalara arasında Avropa çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə. Lixtenşteyndə keçirilən sayca 27-ci qitə birinciliyinin final matçında İngiltərə və İspaniya yığmaları qarşılaşıb.

Həlledici görüş futbolun yaradıcılarının qələbəsi ilə başa çatıb – 2:1. Səkkiz qat Avropa çempionları üzərindəki bu qələbə britaniyalılara bu yarışlarda ilk çempionluğu gətirib. İspanların hesabı açdığı görüşdə ingilislərin əzmkar qələbəsini Konnor Vikhemin qolu rəsmiləşdirib.

Qeyd edək ki, İngiltərə milli komandasının qələbəyə yolu Bakıdan başlayıb. Birinci seçmə mərhələdə yığmamızın rəqibi olan Con Pikokun yetirmələri ölkəmizdə keçirilən oyunlarda çıxış etmişdi. Həmin vaxt komandamızı 4:0 hesabı ilə məğlub edən britaniyalıların heyətində Vikhem parlamışdı. Gənc vunderkind 21 dəqiqəyə qapımıza 3 qol vurmaqla het-trik müəllifi olmuşdu.