“Dostumla şərikli işlətdiyim kafem söküldü” - MÜSAHİBƏ
01.06.2010 - 14:01
“Dostumla şərikli işlətdiyim kafem söküldü” - MÜSAHİBƏ
“Xəzər-Lənkəran”la yollarını ayıran məşqçisi Tərlan Əhmədovun apasport.az saytına müsahibəsi

- Mövsüm bitəndən sonra “Xəzər-Lənkəran”dan gedişiniz gözlənilməz oldu...
- Niyə ki? Həyatdır, olur da, neyləyək. Hər halda, mövsümün sonunda Avropanın hansısa bir prinsipial oyunu deyildi ki. Evdə xəstəm vardı. Əvvəl fikirləşirdim ki, 2-3 gün Lənkəranda qalıb, sonra Bakıda olacağam. Ancaq 10-14 gün, uzun müddət qalırdıq və hərdən icazə alıb, qaçıb gəlməyə məcbur olurdum. Bir sözlə, hər dəfə icazə alıb gəlmək olmurdu və işimlə uyğun gəlmirdi. Sonda baş məşqçimiz Ağasəlim Mircavadova müraciət etdim. Dedim ki, belə olacaqsa, mən daha çatdıra, ora-bura gedə bilmirəm, icazə verin gedim.

- Hər halda, futbolçu karyeranız vaxtı əyalətdə oynamısınız. Əyalət komandasının heyətində yer alan belə çətinlikləri, yaşadığı yerdən, ailəsindən uzaq qalacağını göz özünə gətirərək qərar verir. Hər halda, işinlə əlaqədar daha çox komandanın sıralarında olmalısınız...
- Əvvəl “Xəzər-Lənkəran”da belə deyildi. Bildiyiniz kimi, komanda ev oyununa 2-3 gün qalmış Lənkərana gedib-gəlirdi. Mən də bunu fikirləşirdim ki, həminki kimi olacaq, bütün hazırlıqlar Bakıda olacaq. Düşünürdük ki, gəlmə futbolçuları ora aparıb saxlamaq çətin olar. Onlar üçün gecə həyatı, kef-zad lazımdır ki, sərbəstlik olsun. Ancaq fikirləşdiyimiz kimi olmadı. Elə oldu ki, hətta 17 gün Lənkəranda qalmalı olurduq. Hər dəfə icazə alıb gəlmək alınmırdı. Sonda komandadan getməyə məcbur oldum.

- Belə çıxır ki, artıq mövsümün gedişində bunu qətiləşdirmişsiniz, sadəcə, çempionatın bitməsini gözləyirdiniz?
- Axır-axırda xəstəmin vəziyyəti pisləşdi. Anam xəstədir, ona görə ayrılmalı oldum. Dedim ki, qoy çempionat qurtarsın, oradan uzaqlaşım.

- Sözlərinizdən bu nəticəyə gəlmək olar ki, bir daha əyalət klubunda işləməyə getməyəcəksiniz...
- İnanmayın, çətin məsələdir.

- Ümumiyyətlə, əyalətdə çalışmaq çox darıxdırıcıdır?
- Mənim üçün problem olurdu.

- Ancaq vaxtilə “Qarabağ”, “Karvan”da, hətta ölkə xaricində oynamısınız...
- Əvvəl-əvvəl anamın xəstəliyi o qədər şiddətli deyildi. Ancaq sonradan vəziyyəti lap pisləşdi. İnanırsınız, gedirdim Lənkərana, fikrim anamın yanında qalırdı. Bura gəlirdim, fikrim komandamın yanında qalırdı. Belə işləmək alınmırdı.

- Bizdə futbolçuya, məşqçiyə ailəsini də əyalətə aparmağa imkan, şərait varmı?
- Şəxsən məndə bu alınmırdı. Çünki uşaqlarımın ikisi də Bakıda məktəbə gedir. Onları ora aparmağa lüzum da yoxdur. Allaha şükür, ailən bilir ki, işlə əlaqədar müəyyən müddət ayrı qalmalısan. Ancaq evində naxoş, xəstə olanda istər-istəməz insanın işi düz gətirmir. Əyalətdə belə şərait olmur. Bu, olsa-olsa legionerlər üçün olur. Köməkçi məşqçilər üçün kimdir orada elə şərait yaradan, ev verən? Ona görə də istər-istəməz öz əmək haqqınla başına çarə qılmalısan. Ancaq inanmıram ki, yerli köməkçi məşqçilərdə orada ev məsələsini həll etmək üçün elə böyük məvacibləri olsun.

- Belə başa düşdük ki, “Xəzər-Lənkəran”dan hər hansı, narazılıq, problem olmadan getmisiniz?
- Allah haqqı, heç bir narazılıq yoxdur. Niyə olsun ki? Normal işləyirdik, söz-söhbət də yox idi, hər şey qaydasında gedirdi. Deyim ki, rəhbərliklə, yaxud futbolçularla zərrə qədər də problem yox idi. Allaha şükür ki, hər şey göz qabağında idi, hamısından da soruşa bilərsiniz. Düzdür, mövsüm bizim üçün uğursuz alındı. Ancaq bu həyatdır, olan şeydir, heç kim bundan sığortalanmayıb.

- Ancaq reallığı nəzərə alsaq, kimsə komandadan gedəndə söz-söhbətlər olur və bu qaçılmazdır...
- Bundan qaçmaq həqiqətən mümkün deyil. Şayiələr çıxacaq, o qədər söz-söhbət olacaq, hərə bir şey düzüb qoşacaq. Düz sözün yanına o qədər yalanlar qoşulacaq ki... Söz-söhbət yaratmaq insanların məşğuliyyətidir və bu da olacaq (gülür).

- Əgər səmimi olsaq, “Xəzər-Lənkəran”dan gedişinizlə bağlı hansı şayiələri eşitmisiniz?
- Axır 3-4 gündə o qədər söz-söhbətlər çıxıb ki... Öz-özümə deyirəm ki, məgər insanların bu qədər şey uydurması mümkün ola bilər ki? Axı nə qədər söz-söhbətlər ortaya çıxır?

- Bunlardan biri yaralı yeriniz olan çempion ola bilməməyinizlə bağlıdır. Yəni futbolçu kimi qazana bilmədiniz, indi də məşqçi kimi buna nail olmadınız. Bir sözlə, ayağınız “Xəzər-Lənkəran”a da düşmədi...
- Məşqçilik bununla qurtarmır ki. Hamı bəxtdən danışır, axı hər şeyi bəxtsizliyə bağlamaq olmaz. Allahı yaddan çıxarıb, hamı bəxtə, paltara, əski-üsküyə inanır. Ay bunu belə etsəm, belə olacaq, bunu belə geyinməsəydim, belə olacaqdı. Əllərini Allaha açıb, işlərinin uğurlu getməsini diləmirlər, başqa şeylərə inanırlar. Görünür, belə qismətdir. Allah alın yazımı belə yazıb, uğurumu başqa yerdə verəcək.

- Yəni ayağın düşərli olub-olmamağına inanmırsınız...
- Kiminsə ayağının düşər-düşməməzliyi ilə bağlı Qurani-Kərimdə və ya hansısa imam, peyğəmbərimizin buyruğunda varmı? Bu həyatdır, Allah-təala insanı sınağa çəkəndə çəkir. Özü də bu, uzun müddətli olur. Bir də görürsən adamın ağlına gətirmədiyi elə yerdən qapıları açır ki... Elə insan var ki, 20 ildən sonra ona övlad verir. Yaxud başqa insan olur ki, ailə həyatı qurandan bir il sonra uşağı olur. Allahın qədəri var. Onu qoyub, nəsə başqa şeylər, kiminsə ayağına inanmalı deyilik ki. Ay kimsə qabağıma çıxdı, qarşımdan qara, ağ pişik keçdi – bunlar boş şeylərdir. Bunların heç biri mənim üçün həyatda yoxdur. Mən tək Allaha inanıram. Elə yerdə qapını açacaq ki, inşallah, mən də o günləri gözləyirəm.

- Hər halda, nəinki çempion olmağa, mövsümü “qızıl dubl”la başa vurmağa çox yaxın idiniz. Sizcə, son anda nə çatmadı?
- Bilirsiniz, o qədər səbəb gətirmək olar ki. Ay belə oldu, ay elə. Nə bilim, vallah, futboldur da. Bir komandaya ardıcıl iki dəfə uduzmağımız yaxşı olmadı. Bəlkə də yorğunluq var idi. “Bakı” bizimlə oyuna rahat gəlmişdi, çünki artıq avrokuboklara vəsiqə qazanmışdı. Amma bizdə, futbolçularda çempionluq yolunda istər-istəməz ajiotaj, həyəcan, qorxu var idi. Fikirləşirdilər ki, birdən olmadı belə. Bütün bunlar ona gətirib çıxardı ki, “Bakı”ya hər iki oyunda uduzduq.

- Yəni komanda hesab edirdi ki, çempionluq artıq cibindədir və Lənkəranda mütləq “Bakı”ya qalib gələcək?
- Belə fikirləşənlər də var idi. Ancaq yaxşı deyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Futbolçular həyəcan üzündən motivasiyanı ortaya qoya bilmədi.

- Azərbaycan kubokunun finalında səhvə yol verən qapıçınız Kamran Ağayevə oyundan sonra necə dəstək verməyiniz televiziyada da aşkar göründü. Sizin də uğursuz oyunlarınız olub və yəqin ki, Kamrana belə çətin vəziyyətdə təsəlli verməyi, dayaq durmağı özünüzə borc bildiniz...
- Futbolçularımızı bir səhvə görə bədbəxt etsək, hesabdan silsək, onda futbol oynamağa dəyməz ki. Fikrimcə, futbol səhvlər üzərində qurulub və hər oyundan-oyuna səhvini düzəldirsən. Heç bir futbolçu deyə bilməz ki, mənim bu oyunda səhvim yoxdur, səhv etmirəm. Hər bir futbolçunun uğurlu və uğursuz oyunları olur. Mənim o qədər uğurlarım olub ki, heç onlarla sevinməmişəm. Heç uğursuzluqlarıma da kədərlənməmişəm. Peyğəmbərimizin də belə buyruğu var ki, əlinizə gələnə sevinməyin, əlinizdən gedənə də kədərlənməyin. Yəni Allah belə istəyir. Bu sevinci mənə bəxş edən Allah kədəri də bəxş edir ki, onu da dadım. Hər bir gedən günün arxasında sabah var. Biz bir səhvə görə Kamranı duraq öldürək - axı bu, düzgün deyil. Ola bilsin ki, bu, onun ilk səhvidir. Biz belə futbolçuların üstünə düşsək, onları itirə bilərik. Kamran çox istedadlı, gələcəyi parlaq qapıçıdır. Ölkənin 1 nömrəli qapıçısıdır, ilin qapıçısı seçilib. Belə bir anda hər birimiz ona dəstək olmalıyıq. Mən o vaxt Bakıda İtaliya yığması ilə oyunda etdiyim avtoqoldan indiyə kimi danışırlar. Futbolçunun həyatında hər bir şey olur. Dahi futbolçular da öz qapısına qol vurublar. Ancaq həmin anda mən öz komanda yoldaşımın səhvini düzəltmək istəyirdim ki, bu hadisə başıma gəldi. O vaxt mənə yeganə dəstək olan şəxs Şahin Diniyev oldu. Onda mən Diniyevin baş məşqçisi olduğu “Qarabağ”da oynayırdım. Mən həyatda bu hisslərin hamısını yaşadım. Ən çox tənqidə məruz qalan futbolçu da mən olmuşam. Hərçənd pulsuz, hərc-mərclik dövründə də biz oynamışıq. Futbol qalmışdı qıraqda, hamı vəzifə, kreslo davası edirdi. Ən çox tənqid edilsəm də, hər bir şeyə dözürdüm. Bu gün Kamranın hansı hisslər keçirdiyini çox yaxşı bilirəm. O, indi elə vəziyyətdədir ki, ona heç olmasa bir nəfər dayaq durmalıdır. Mən bunu etməyi özümə borc bildim. Ona başa salırdım ki, futbolçu həyatında hər şey olur, həmişə çalış, meydançanı başıuca tərk et. Çünki bununla həyat qurtarmır. Əgər sən bunu ürəyinə salıb, özünü sındırsan, onda gərək futbolla vidalaşasan. O qədər şeylər uyduracaqlar ki, heç sənin ağlından keçməyən söhbətlər ortaya çıxacaq. Necə ki mən indi çox söhbətlər eşidirəm. Özləri bilər, Allah hər şeyi görür. Futbola bağlı hər birimiz tək Kamrana yox, elə bir vəziyyətlə düşən hər bir azərbaycanlı futbolçuya dayaq olmalıyıq.

- Maraqlıdır ki, Diniyevdən razı olduğunuzu bildirsəniz də, bir vaxtlar onunla münasibətlərinizdə problem olduğu deyilirdi...
- Mənim nəinki onunla, heç bir məşqçi ilə aramda indiyə kimi soyuqluq olmayıb. Heç bir məşqçi deyə bilməz ki, Tərlanın mənimlə intriqası, yaxud aramızda söz-söhbət olsun. Mən heç bir məşqçinin işinə qarışmamışam. Məşqçi məni komandada görmək, qalmağımı istəməyibsə, onu saxlamağa məcbur edə bilməzdim ki. Diniyevlə münasibətlərimizə hər bir şey düzüb qoşublarsa, mən buna heç nə deyə bilmərəm. Yadımdadır, o vaxt deyirdilər ki, guya onunla aramızda böyük söhbətlər, dava olub. Vallah, hamısı boş söhbətlərdir. Diniyevlə birgə oynadığımız dövrdə necə görüşmüşəmsə, indi də elə ünsiyyətim var.

- Nəticə olmasa da, hər halda, məşqçi kimi debüt etdiyiniz bir ildə çox şey öyrəndiniz. Ağasəlim Mircavadov kimi təcrübəli mütəxəssisin yanında çalışdınız, onun köməkçisi oldunuz...
- Ağasəlim müəllimdən məşqçilikdə, futbolçularla ünsiyyətdə çox şey götürdüm. Fikrimcə, onun yanında çalışmaqla çox şeyə nail oldum. Hələ öyrəniləsi çox şeylər var idi. Ancaq əfsuslar olsun ki, qismət bura qədər imiş.

- Məşqçilərimiz iş tapmaqda çətinlik çəkir, sizdən təcrübəlilər boşdurlar. Bu mənada gələcək karyeranız haqda nə düşünürsünüz?
- Vallah, indi durum deyim ki, iş var, düz çıxmaz. Qismət, görək necə olacaq. Nəsib olacaqsa, bir yerdə işləyəcəyik, olmayacaqsa... Hər halda, sağlıq olsun, bir iş tapıb işləyərik. Uzağı gəlib sizin yanınızda çalışaram, yazar olaram (gülür). Nə olar, mətbuata keçib, yazıb-pozaram da.

- Hər halda, futbolçuların şəxsi biznesi, oradan qazancı olar...
- Açıq deyim ki, mənim belə şeyim yoxdur, biznesdən uzaq adamam. Heç vaxt belə şeylər fikirləşmirdim də. Çünki o işi bacarmadığımdan heç vaxt boyun olmurdum. Gəlirimdən çox xərcim var idi. Ona görə də biznes şeylərinə baş qoşmurdum. Çox şeyləri açıb deyə bilmərəm. Nəsib olarsa, bir iş görərik, məcbur olub bu yola düşəcəyik. Nə edək? Futbolda bir şey alınmasa, biznesdə nəsə bir şey görəcəyik.

- Sizin məşhur “Millenium” stadionunun adını verdiyiniz “Millenium” kafenizin olduğu deyilirdi...
- Bu, mənim şəxsi mülküm deyildi. Onu bir dostumla götürüb, şərik işlədirdik. Ancaq o da Nobel prospektində yolun kənarında olduğundan layihəyə düşdü. Ora genişləndirildiyindən söküldü.

Mehman SÜLEYMANOV