Ərəblər dünya çempionunu da “tora” saldılar
02.06.2010 - 15:30
Ərəblər dünya çempionunu da “tora” saldılar
İtaliya yığma komandasının kapitanı Fabio Kannavaro növbəti mövsümdən Birləşmiş Ərəb Əmirlikləri çempionatında çıxış edəcək.

Apasport.az saytının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, 2006-cı ildə dünya çempionu adını qazanan futbolçu Dubayın “Əl-Əhli” klubu ilə 2 illik müqavilə imzalayıb. Bunu 37 yaşlı Kannavaronun meneceri Andrea D`Amiqo da təsdiqləyib. O, əfsanəvi müdafiəçinin Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatından sonra yeni komandasına qoşulacağını bildirib: “Kannavaroya son mövsümdə şərəfini qoruduğu “Yuventus”dan heç bir təklif gəlmədi. Onu İtaliyanın digər komandaları və Amerika klubları heyətində görmək istəsələr də, ərəblərlə müqavilə imzalamağa razılaşdı”.

Qeyd edək ki, 2006-cı ildə dünya çempionatında İtaliyanın kuboka yiyələnməsində böyük pay sahibi olan Kannavaro həmin il mundialın və dünyanın ən yaxşı futbolçusu seçilib.