Rafael Benites “Liverpul”dan qovuldu
03.06.2010 - 10:08
Rafael Benites “Liverpul”dan qovuldu
İspaniyalı mütəxəssis Rafael Benitesin İngiltərənin “Liverpul” klubundakı fəaliyyəti başa çatıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Daily Mirror”, BBC və digər Kütləvi İnformasiya vasitələri Benitesin dünən axşam saatlarında komandanın baş məşqçisi postundan azad olunması ilə bağlı xəbər yayıb.

Son günlər Sardiniyada istirahətdə olan Benites İngiltərəyə məhz getmək qərarının qəti olmasını bildirmək üçün gəlib. Klub rəhbərliyi ilə görüşün mövzusu yalnız müqavilənin vaxtından əvvəl pozulmasına görə ödənilməli olan kompensasiyanın məbləği olub. Benitesin müqaviləsi “Liverpul” tərəfdən 16 milyon funt sterlinq verilməsini nəzərdə tutur. Ancaq görünür, tərəflər xoşluqla ayrılmağı qərara alıb. Belə olan halda, ispaniyalı mütəxəssis yalnız 3 milyon funt sterlinq təzminat və dərhal digər kluba keçmək hüququ qazanacaq.

“Liverpul” ötən mövsümü uğursuz keçirərək, Benitesin rəhbərliyi altında 19 məğlubiyyət alıb. Rəhbərlik əsasən ona görə narahatdır ki, baş məşqçi komandaya paltardəyişmə otağında nəzarəti itirib. “Liverpul”in liderləri - Stiven Cerrard, Fernando Torres, Ceymi Karrager dəfələrlə Benitesin bəzi qərarlarını və hərəkətlərini şübhə altına qoyub. Özü də onlar bunu çox vaxt rəsmi şəkildə edib. “Liverpul”un sahibləri, prezidenti Martin Borton və bəzi rəhbərləri sonda Benitesi işdən azad etməyi qərara alıblar. Vakant yerlərə namizədlərlə bağlı artıq ilkin siyahının hazırlanması haqda məlumatlar dolaşır. Belə ki, Benitesin mümkün xələfi kimi “Fulhem”dən Roy Hocson, “Bavariya”dan Lui Van Qal və “Benfika”dan Jorje Jezuş göstərilir.

Qeyd edək ki, Benites son 6 ildə “Liverpul”u çalışdırıb. Komandanın onun rəhbərliyi altında ən böyük uğuru 2005-ci ildə Çempionlar Liqasının qalibi olmasıdır.