Elvin Məmmədov milli komandanın rekordunu yeniləyə bilmədi
03.06.2010 - 10:44
Elvin Məmmədov milli komandanın rekordunu yeniləyə bilmədi
Azərbaycan milli komandasının rekordu yenilənməyib. Apasport.az saytının hesablamalarına görə, buna yığmamızın futbolçusu Elvin Məmmədovun Hondurasa qol vura bilməməsi səbəb olub. Belə ki, 22 yaşlı yarımmüdafiəçi millidəki qol seriyasını davam etdirə bilsəydi, komandamızın yeni rekordunu müəyyənləşdirəcəkdi. Söhbət Elvinin qol seriyasından gedir. Ardıcıl 3 matçda qol vuran Məmmədov bununla yığmamızın rekordunu təkrarlamışdı. O, martın 3-də səfərdə Lüksemburq (2:1), Avstriyada mayın 26-da Moldova (1:1), 29-da Makedoniya (1:3) yığmalarının qapısına qol vurmuşdu. Elvinə qədər yalnız bir futbolçu yığmanın ardıcıl 3 oyununda fərqlənmişdi. Bu da Emin Quliyev idi. 33 yaşlı yarımmüdafiəçi 2004-cü ildə bombardir kimi parlamışdı. Emin aprelin 28-də səfərdə Qazaxıstan (3:2), mayın 28-də Bakıda Özbəkistan (3:1), iyunun 6-da rəqib meydanında Latviya (2:2) ilə matçlarda fərqlənmişdi. Altı ildən sonra Quliyevin rekordunu təkrarlayan Elvin bu göstəricini yaxşılaşdıra bilməsə də, rekorda şərik olmaqla kifayətləndi.

Vüqar XEYRULLAYEV