Həmit Altıntop “Fənərbaxça”nı aldatdı
03.06.2010 - 10:48
Həmit Altıntop “Fənərbaxça”nı aldatdı
Türkiyə yığmasının üzvü Həmit Altıntop növbəti mövsümdə də çıxış etdiyi “Bavariya”nın şərəfini qoruyacaq. Apasport.az saytının məlumatına görə, “Fənərbaxça”ya transferi gözlənilən futbolçu Münhen komandası ilə müqaviləsinin müddətini 1 illiyə uzadıb.

“Bavariya”nın rəsmi saytında bildirilib ki, son mövsümdə Çempionlar Liqasının finalına kimi irəliləyən Həmit komanda ilə bu kuboka sahib olmaq arzusundadır. 3 ildir Almaniyanın aparıcı klubunun şərəfini qoruyan 27 yaşlı futbolçu Bundesliqada 49 oyun keçirib və 5 qola imza atıb.

Qeyd edək ki, az öncə Türkiyə mətbuatı Həmit Altıntopun “Fənərbaxça” prezidenti Əziz Yıldırımla razılığa gəldiyi və yaxın günlərdə müqavilə imzalayacağı bildirilirdi.