Honduras futbol ictimaiyyəti: Saşa Yunisoğlu düzgün hərəkət etmədi
03.06.2010 - 12:59
Honduras futbol ictimaiyyəti: Saşa Yunisoğlu düzgün hərəkət etmədi
Azərbaycan milli komandasının üzvü Saşa Yunisoğlu Honduras futbol ictimaiyyətinin qəzəbinə tuş gəlib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı müdafiəçinin dünya çempionatının final mərhələsinə hazırlaşan mərkəzi amerikalılarla qarşılaşmada yol verdiyi hərəkət rəqib düşərgədə ciddi narazılığa səbəb olub.

Matçın gedişində aşkar kobudluq edərək Edqar Alvaresi zədələyən Saşa qırmızı vərəqə alaraq meydandan qovulub. Onun xəsarət yetirdiyi honduraslı da görüşü davam etdirə bilməyib. Mərkəzi amerikalıların məşqçisi Karlos Velasko Yunisoğlunun hərəkətini ciddi tənqid edib: “Ümid edirik ki, zədə ciddi olmasın. Ona qarşı edilən hərəkət çox kobud idi. Yunisoğlu düzgün hərəkət etmədi. Bu, Alvaresə qarşı haqsızlıq idi. Axı bu, adi yoxlama oyunu idi. Futbolçumuz da bu toqquşmadan qaçmağa cəhd edirdi”.

CAR-da keçiriləcək mundialda iştirak etməsi sual altına düşən oyunçunun durumu isə hələ də qeyri-müəyyəndir. Yığmanın həkimi Raul Peres zədə ilə bağlı konkret danışmaq istəməyib: “Alvaresin zədəsi ciddidir. Lakin onun nə vaxt oynaya biləcəyi haqda danışmaq istəmirəm. Bunun üçün müayinələrin nəticələrini gözləməliyik”.