Avstriya yığması üçün Azərbaycan nümunəsi
08.06.2010 - 11:01
Avstriya yığması üçün Azərbaycan nümunəsi
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Avstriya yığması tənqid obyektinə çevrilib. Apasport.az saytının məlumatına görə, bu ölkədən olan həmkarlarımız millinin baş məşqçisi Didi Konstantini və federasiya rəhbərliyinin siyasətindən narazıdır.

Dünyanın əksər millilərinin yoldaşlıq oyunlarını keçirdiyi üçün üz tutduğu Avstriyada meydan sahiblərinin passiv olması mətbuatda ciddi narazılıqla qarşılanıb: “CAR-da təşkil olunacaq dünya çempionatında iştirak edəcək komandaların də əksəriyyəti daxil olmaqla, bir çox yığmalar son bir neçə həftəni ölkəmizdə keçirdi. Hətta Avro-2012-nin seçmə mərhələsindəki rəqibimiz Azərbaycan da bura gəlmişdi. Bəs Avstriya yığması nə etdi? Xorvatiya ilə keçirdiyi 90 dəqiqə ilə kifayətləndi. Hərçənd, yoxlama oyunları üçün geniş seçim imkanı var idi”.

Qeyd edək ki, Avstriya yığmasından fərqli, millimiz bu ölkədə 3 yoxlama oyunu keçirib.