Slavko Georgiyevski: “Neftçi” ilə Çempionlar Liqasında oynamaq istəyirəm - FOTO
10.06.2010 - 13:16
Slavko Georgiyevski: “Neftçi” ilə Çempionlar Liqasında oynamaq istəyirəm - FOTO
Makedoniya yığmasının futbolçusu Slavko Georgiyevskinin Bakının “Neftçi” klubuna keçidi rəsmiləşib. Apasport.az saytının məlumatına görə, 30 yaşlı yarımmüdafiəçi bu gün komandanın inzibati binasında 2 illik müqaviləyə imza atıb.

Mövsümlərarası fasilədə ilk transfer olunan futbolçuya 6 nömrəli formanı təqdim edən klubun prezidenti Sadıq Sadıqov növbəti mövsümdə çempionluq və ölkə kubokunu hədəfə aldıqlarını bildirib: “Bunun üçün heyətimizdə milli komandamızın şərəfini qoruyan güclü və perspektivli yerli oyunçularla yanaşı ,səviyyəli əcnəbi futbolçuların yer alması da əsas şərtdir. Yığma komandamızın Makedoniya ilə keçirdiyi hazırlıq matçında nümayəndələrimiz yarımmüdafiəçi Slavko Georgiyevskinin oyununu bəyəndilər. Bu futbolçunu Makedoniyanın Rumıniyaya qarşı keçirdiyi yoldaşlıq oyununda da izlədik, inamlı təsir bağışlayan futbolçunu transfer etmək qərarına gəldik. Mən inanıram ki, Makedoniya yığmasının əsas simalarından biri olan Slavko Georgiyevski flaqmanın böyük qələbələrində pay sahibi olacaq".

Georgiyevski “Neftçi”yə keçidlə bağlı fikirlərində iddialı danışıb: "Mən uzun müddət ölkə xaricində çıxış etmişəm. Hər zaman iddialı klubun formasını geyməyi arzulamışam. Çox şadam ki, bu arzumu həyata keçirdim. "Neftçi" ilə Azərbaycan Premyer Liqasında qələbə qazanaraq, Çempionlar Liqasında komandamı uğurlara daşımaq istəyirəm".

Qeyd edək ki, son olaraq Kiprin “Etnikos” klubunda oynayan Georgiyevski artıq vətəninə yollanıb və iyunun 19-da komandanın təlim-məşq toplanışına qatılacaq.