“Tvente”nin prezidenti: Zədəli və oynamayan legioner bizə lazım deyil!
11.06.2010 - 10:15
“Tvente”nin prezidenti: Zədəli və oynamayan legioner bizə lazım deyil!
Azərbaycan yığmasının futbolçusu Vaqif Cavadov Hollandiyanın “Tvente” klubundan kənarlaşdırıla bilər. Apasport.az saytının məlumatına görə, ölkə çempionu olan Enshede təmsilçisi artıq heyətdə islahatlara başlayıb. Rəhbərlik ilk növbədə oynamayan legionerlərə “yaxşı yol” demək qərarına gəlib.

Artıq islahatların ilk qurbanı da məlumdur. Bu İraq yığmasının liderlərindən biri Nəşət Əkrəmdir. Ötən ilin sonunda Birləşmiş ərəb Əmirliklərində keçirilən beynəlxalq turnirdə millimizə qarşı da oynamış yarımmüdafiəçi enshedelilərə lazım olmayıb. Adı 2009-cü ildə Asiyanın ən yaxşı futbolçusu adına namizədlər sırasında açıqlanan Əkrəmin son mövsüm “Tvente”də 10 çempionat, 3 kubok və 4 avrokubok matçında çıxışı klub prezidenti Yoop Munstermannı qane etməyib: “Biz Nəşətin ötən mövsümkü oyununa məftun olmuşduq. Lakin zədə onun istənilən oyunu göstərməsinə imkan vermədi. Biz ona gələcək karyerasında uğurlar arzulayırıq”.

Qeyd edək ki, “Tvente” zədələnib oynamayan futbolçularla bağlı “təmizləmə əməliyyatı”nı davam etdirərsə, Cavadov da “qurbanlar” siyahısına düşəcək. Yarım ildir ehtiyatda qalan 21 yaşlı hücumçu Nəşətdən fərqli, ümumiyyətlə əsas heyətdə meydana çıxmayıb.