“Xəzər-Lənkəran” start heyətində yerini satanlara qarşı!
21.06.2010 - 15:39
“Xəzər-Lənkəran” start heyətində yerini satanlara qarşı!
Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər-Lənkəran”la qarşılaşacaq Moldovanın “Olimpiya” klubu dünya futbol tarixinə düşüb. Apasport.az saytının məlumatına görə, rəqibimiz qitə kuboklarında meydana buraxmaq üçün 11-ci oyunçunun axtarışında az qala yarım il sərf edib. Özü də çox unikal yolla.

Avrokuboklar sayəsində maddi durumunu düzəltmək istəyən “Olimpiya” rəhbərliyi tender elan edərək, istənilən şəxsin komandanın heyətində oynamaq imkanı olduğunu açıqlamışdı. Müsabiqənin şərtlərinə görə, avrokuboklarda iştiraka görə daha çox pul ödəyəcək həvəskar həm kifayət qədər kasıb olan klubun büdcəsinə xeyir verəcək, həm də özü belə nüfuzlu turnirdə start heyətində meydana çıxacaqdı.

Tenderin qalibi olan braziliyalı həvəskarın təklif etdiyi pul “Olimpiya” rəhbərliyini yaxşıca sevindirmişdi də. Lakin cənubi amerikalı bu qədər pulunun olmadığını moldovalıların hərəkətini zarafat sayaraq, onlara eyni yolla cavab verdiyini açıqlamışdı. Dünya futboluna yenilik gətirən “Olimpiya”nın bu layihəsi iflasa uğradığından onların səfərlərə necə yollanacağı maraq doğurur.