Rəşad Sadiqov: Püşkün nəticəsini “Qarabağ” üçün uğurlu saymaq olmaz
21.06.2010 - 15:50
Rəşad Sadiqov: Püşkün nəticəsini “Qarabağ” üçün uğurlu saymaq olmaz
“Rəqibimiz Makedoniya təmsilçisidir. Hər halda, Avropa futbolu oynayırlar. Bu bizi qorxutmur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Rəşad Sadiqov deyib.

Ötən il Avropa Liqasında ölkəmizi layiqincə təmsil edən və iki mərhələ adlayan “Qarabağ” bu uğuru davam etdirmək niyyətindədir. Son mövsümün bürünc medalçısı bu dəfə Makedoniyanın “Metallurq” komandası ilə qarşılaşacaq. Püşklə bağlı fikirlərini bildirən yarımmüdafiəçi ötən ilki uğurun davamını gətirmək niyyətində olduqlarını deyib: “Ötənilki kimi həvəslə oynayacağıq. Uğurun davamını gətirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik. “İnter” ötən il Makedoniya çempionu ilə qarşılaşıb və mübarizədən kənarlaşdırıb. Biz də bu seriyanı davam etdirəcəyik. Əslində, püşkü elə də uğurlu saymaq olmaz. Çünki orada Farer adaları və Malta təmsilçiləri var idi. Onlarla qarşılaşa bilərdik. Digər yandan buna da şükür etməliyik. Çünki püşk bizi Macarıstan Slovakiya kimi güclü ölkələrin komandaları ilə üz-üzə gətirə bilərdi”.