Vinfred Şafer: “Buduçnost” zəif rəqib deyil
21.06.2010 - 17:31
Vinfred Şafer: “Buduçnost” zəif rəqib deyil
“İlk növbədə onu deyim ki, Avroliqada zəif rəqib olmur. Demək olar ki, heç bir rəqibi asanlıqla məğlub etmək mümkün deyil. Bu baxımdan rəqibimiz Çernoqoriyanın “Buduçnost” klubu heç də zəif deyil”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycanı Avroliqada təmsil edəcək “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.

Ölkə kubokunun qalibi olduğundan turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq paytaxt təmsilçisinin bəxtinə Çernoqoriyanın vitse-çempionu “Buduçnost” klubu düşüb. Püşkə münasibətini bildirən almaniyalı mütəxəssis zəif rəqiblə görüşəcəklərini düşünmür: “Biz yarışda uğurla çıxış etmək istəyirik. Məqsədimiz irəli getməkdir. İnanıram ki, növbəti mərhələyə vəsiqə qazanacağıq. Bunun üçün yaxşı hazırlıq keçməli, eyni zamanda yüksək səviyyəli oyunçular transfer etməliyik. Vaxtımız azdır. Lakin əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, növbəti mərhələyə çıxaq”.

Qeyd edək ki, “Bakı” ilk oyununu iyulun 15-də evdə, cavab görüşünü bir həftə sonra səfərdə keçirəcək.

Mənbə: fcbaku.com