“Xəzər-Lənkəran”ın rəqibi: Məcburiyyətdən yaranan komanda
21.06.2010 - 18:34
“Xəzər-Lənkəran”ın rəqibi: Məcburiyyətdən yaranan komanda
“Xəzər-Lənkəran”ın Avropa Liqasındakı ilk rəqibi olan Moldovanın “Olimpiya” klubu uğurlara “acdır”. Apasport.az saytının məlumatına görə, 1984-cü ildə yaranan bu komandanın təşkil olunması məcburiyyətdən irəli gəlib.

Həmin vaxt Moldovaya SSRİ çempionatının ikinci dəstəsində 3-cü komandanı buraxmaq tapşırılıb. Məhz bu səbəbdən Beltsıda “Zarya” adlı komanda yaradılıb. İttifaq dağılanadək ikinci dəstədə çıxış edən klub 1992-ci ildən fasiləsiz müstəqil Moldova birinciliklərində mübarizə aparır. Özü də artıq “Olimpiya” adı altında. Onların ən böyük uğuru isə bürünc medal olub. Bu da 3 dəfə qeydə alınıb: 1994/95, 2005/06 və 2009/10 mövsümlərində. Ölkə kubokunda isə onlar ən yaxşı halda, yarımfinalda oynayıblar.

Prezidenti Vladimir Vityuk, baş məşqçisi Leonid Bunya olan “Olimpiya” tarixi ərzində avrokuboklarda çıxış etməyib. Debütant ev oyunlarını cəmi 5 min tamaşaçı tutan “Olimpiya” stadionunda keçirir.

Qeyd edək ki, bir il əvvəl Azərbaycan çempionatının gümüş mükafatını qazandığı “İnter”dən ayrılan Oleq Şişkin son mövsümü məhz Beltsı təmsilçisində keçirib.