“Xəzər-Lənkəran”ın “Qafqazın Çelsi”si adlandırılması, önəmli deyil” – MÜSAHİBƏ
22.06.2010 - 12:17
“Xəzər-Lənkəran”ın “Qafqazın Çelsi”si adlandırılması, önəmli deyil” – MÜSAHİBƏ
“Xəzər-Lənkəran”ın Avroliqanın I təsnifat mərhələsində rəqibi olan “Olimpiya” klubunun sahibi Sergey Kiselev Moldova mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, püşkün nəticəsini qiymətləndirən 39 yaşlı iş adamı müasir futbolda zəif rəqiblərin olmadığını və lənkəranlılara əsl güclərini göstərəcəklərini bildirib.

- Avroliqanın I təsnifat mərhələsində sizə kifayət qədər ciddi rəqib – “Xəzər-Lənkəran” düşdü. Püşkün nəticəsini necə şərh edərsiniz?
- Bizə güclü rəqib düşdüyü üçün çox şadıq. Güclü rəqiblə qarşılaşmağı sevirik. Bu, həm də baş məşqçimizin fikridir. O da güclü rəqiblə oynamağa üstünlük verir.

- “Xəzər-Lənkəran”ı “Qafqazın Çelsi”si adlandırılır. Çünki çox varlıdır və keçmiş ulduz futbolçuları heyətində dəvət edə bilər. Bununla bağlı nə deyə bilərsiniz?
- Bəli, rəqibin büdcəsi bizi bir neçə dəfə üstələyir. Hətta ola bilsin ki, yüz minlərlə. Ancaq komandanın necə adlandırılması önəmli deyil. Biz heç də zəif deyilik. Büdcəmiz klubun gücünə, ruhuna, əhənginə uyğundur. İstənilən halda, onların büdcəsindən və futbolçularından asılı olmayaraq, rəqibə gücümüzü göstərəcəyik.

- Necə hesab edirsiniz, Azərbaycan futbolu Moldovadan güclüdür, yoxsa zəif?
- Fikrimcə, səviyyə təxminən eynidir. Hərçənd, Azərbaycan futbolunda kifayət qədər böyük pullar var. Əgər çempionatımızda da belə pullar olsaydı, bizim də birincilik yüksək olardı. Şəxsən mən çempionatın səviyyəsini təxminən bərabər ayıram. Yəni 5-6 güclü komanda var, qalan klublar isə səviyyəcə bir az aşağıdır.

- Kişinyovun “Daçiya” klubunun sahibi Adlan Şişxanov müsahibəsində bildirib ki, püşkdə ən çox bəxti gətirməyən “Olimpiya” olub. Onunla razısınız?
- Yox. Biz güclü rəqiblərlə oynamaq istəyirik. Əgər fikirləşsək ki, “Xəzər-Lənkəran”ı keçə bilməyəcəyik, onda III təsnifat mərhələsinə necə çıxacağıq?

- Avroliqada komandanın qarşısında müəyyən vəzifə qoyulubmu?
- Sözsüz ki, qoyulub. Əlbəttə, biz göylərdə uçmuruq, ancaq Avroliqada debüt mövsümündə iki mərhələ keçmək istəyirik. Mənə elə gəlir ki, buna nail olsaq, bu, uğur sayılacaq. Həmin vaxt Avropanın hansısa nəhəng klubu ilə düşəcəyik. Bununla, həm də moldovalı azarkeşlərə güclü komandanı canlı görmək imkanı yaradacağıq. Bax budur, bizim vəzifə. İndi Avropa futbolunda zəif rəqib yoxdur. Üstəlik, Avroliqada. Çoxları deyir ki, elə həmin “Xəzər-Lənkəran” güclü rəqibdir. Ancaq bu, fakt deyil ki, Andorra, yaxud Maltanın hansısa klubu müəyyən sürpriz yarada bilməzdi. Çünki komandanın adı olmayanda, insanlar nəyə qadir olduqlarını sübut etmək istəyirlər.

- İlk oyunu səfərdə keçirmək müsbət, yaxud mənfi haldır?
- Bu gün ilk olaraq evdə, yaxud səfərdə oynamağın yaxşı, yoxsa pis olduğunu danışmaq mənasızdır. Əsas odur ki, hazırlığın son bir həftəsini səmərəli keçirdik. Biz Azərbaycana bir məqsədlə gedəcəyik – qələbə qazanmağa! Artıq bundan sonra Moldovada rəqibimizə qalib gələcəyik.

- Belə çıxır ki, sizə ilk oyunu səfərdə keçirmək sərfəlidir?
- Fikrimcə, vəzifəmizi ilk oyunda yerinə yetirməliyik. Əlbəttə, alınsa, bunu Bakıda həll edəcəyik. Mən ilk oyunu harada keçirməkdə fərq görmürəm. Bəli, ümumu qəbul olunmuş fikir var ki, lazımı nəticəni qazanmaq üçün ilk oyunu səfərdə keçirmək yaxşıdır. Bundan sonra evdə son vəzifəni yerinə yetirmək lazımdır. Hər halda, biz ilk oyunu 80 minlik “Uembli” stadionunda yox, Bakıda keçirəcəyik və ora maksimum 5 min nəfər gələcək.

- Ümumiyyətlə, şansları necə dəyərləndirirsiniz?
- 50-nin 50-yə. Bizim istəyimizdən və “Xəzər-Lənkəran”ın büdcəsindən belə alınır ki, şanslar bərabərdir.

Qeyd edək ki, Kiselev müsahibəsinə iki yanlışlığa yol verib. Əvvəla, UEFA-nın qərarı ilə onlar ilk oyunu səfərdə yox, evdə keçirəcəklər. Bundan əlavə, Kiselev görünür, “Xəzər-Lənkəran”ın avrokuboklarda artıq Bakıda yox, Lənkəranda oynayacağından bixəbərdir. “Olimpiya”nın sahibinin diqqətinə bir də onu çatdırırıq ki, 29850 yerlik Respublika stadionunda beynəlxalq oyunda 5 min yox, qat-qat çox azarkeş gəlir.