“Bakı”nın məşqçisi Qyoko Hacıyevskinin yanına getdi
22.06.2010 - 13:38
“Bakı”nın məşqçisi Qyoko Hacıyevskinin yanına getdi
“Simurq” növbəti mövsümün hazırlığına start verib. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisi Qyoko Hacıyevskinin baş məşqçi təyin olunmasından iki gün sonra hazırlığa başlayıb.

Seleksiya xarakteri daşıyan məşqlər 1 həftə ərzində hər gün səhər saat 10:00-da "Şəfa" stadionunun əsas meydançasında başlanacaq. Artıq ilk gündən düşərgəyə xeyli sayda futbolçu baxışa gəlib. Bu mənada, veteran futbolçu Asif Əliyevlə Qyoko Hacıyevskinin görüşü diqqət çəkən olub. Belə ki, vaxtilə birgə “Bakı”nı çempionluğa daşıyan mütəxəssislər görüşüblər.

Hazırda da “Bakı”da çalışan Asif Əliyev Hacıyevski ilə işləməyə deyil, oğlu Vasif Əliyevi baxışa gətirib.

55 yaşlı mütəxəssis vaxtilə “Bakı” "Qəbələ" və "Standard"da oynamış, son mövsümü isə I divizion təmsilçisi "Neftçi İSM"-in heyətində keçirən yarımmüdafiəçi ilə bağlı qərarını yaxın günlərdə açıqlayacaq.

İlk məşqdə ötən mövsümü "Simurq"da keçirmiş Ramil Sayadov, Ramin Nəsibov, Elşən Məmmədov Səbuhi Əhmədov və Rüstəm Məmmədov da olublar.

Yaxın günlərdə Azərbaycan yığmasının sabiq üzvləri Füzuli Məmmədov və Emin Quliyevin “Simurq”un məşqlərə qatılacağı gözlənilir.