“Xəzər-Lənkəran”ın iddiası puluna uyğundur”
05.07.2010 - 11:25
“Xəzər-Lənkəran”ın iddiası puluna uyğundur”
“Xəzər-Lənkəran” haqda eşitmişəm. Yaxşı komandadır, çoxlu legionerləri var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Moldovanın “İskra-Stal” klubunun futbolçusu Nikolay Rudak deyib.

Avroliqanın II təsnifat mərhələsində mübarizəyə başlayacaq “İskra-Stal”ın yarımmüdafiəçisi Moldovanın “Olimpiya” klubunun rəqibi olan “Xəzər-Lənkəran” haqda danışıb: “Xəzər-Lənkəran”a yaxşı pullar qoyulur. İddiaları da buna uyğundur. “Olimpiya”ya hətta evdə 0:0 hesablı nəticədən sonra səfərdə asan olmayacaq”.

Rudak Avroliqada görüşəcəkləri İsveçin “Elfsborq” klubunu “Xəzər-Lənkəran”la müqayisə etməkdə çətinlik çəkib: Deyə bilmərəm ki, “Elfsborq”a qarşı oynamağımız yaxşı olardı, yoxsa “Xəzər-Lənkəran”a. Bu komandaların güclərini bilmədiyimdən müqayisə edə bilmərəm. Deyilənə görə, hər ikisi rəqib yaxşıdır”.