Dmitri Kruqlov: “İnter”ə keçmək variantını təkzib etmirəm
07.07.2010 - 16:45
Dmitri Kruqlov: “İnter”ə keçmək variantını təkzib etmirəm
Bir müddət əvvəl “Neftçi” klubundan uzaqlaşdırılan Dmitri Kruqlov karyerasını yenə də Azərbaycanda davam etdirəcək. Bu barədə apasport.az saytına 26 yaşlı müdafiəçinin özü məlumat verib. Estoniya yığmasının futbolçusunun bildirdiyinə görə, Bakının digər təmsilçisi olan “İnter” klubuna keçir.

“Hazırda Bakıdayam. Ancaq nə səfərimin məqsədi, nə gələcək taleyim, nə də yeni komandam haqda nəsə söyləmək fikrim var. “İnter” variantına gəlincə, bunu nə təsdiq edəcəyəm, nə də təkzib. Hər şeyə sabah aydınlıq gələcək və həmin vaxt açıqlama verərəm” – deyə Kruqlov bildirib.

Sol cinah müdafiəçisi olan Kruqlov 2008-ci ilin qışından çıxış etdiyi “Neftçi” ilə yeni müqavilə imzalamayandan sonra özünə yeni klub axtarırdı. Ölkəmizdə oynamaq istəyini gizlətməyən estoniyalının Bakıya səfəri təsadüfi deyil.

Belə ki, Bolqarıstandan Bakıya bu gün qayıdacaq “İnter” rəhbərliyi Kruqlovla danışıqlar aparacaq. Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək paytaxt komandasına sol cinaha oyunçu lazımdır. Çünki Georgi Novalovski “Anji”yə qayıdıb, Andrey Rubin isə komandadan ayrıldığından bu cinahda boşluq yaranıb.

Kruqlovda isə həm müdafiənin, həm də yarımmüdafiənin sol cinahında oynamaq bacarığının olması “İnter”in işinə yarayır.

Mehman SÜLEYMANOV