Sloveniyanı arxada qoyduq, növbə İslandiyanındır!
10.07.2010 - 00:01
Sloveniyanı arxada qoyduq, növbə İslandiyanındır!
Avrokubokların I təsnifat mərhələsi başa çatdıqdan sonra UEFA-nın reytinq cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, bir həftə əvvəl keçirilən ilk görüşlərdə ölkəmizin hesabını 0,375 xalla zənginləşdirən “Qarabağ” və “Xəzər-Lənkəran” cavab oyunlarında da uduzmamaqla, daha 0,250 xal qazanıblar.

Bu, son 5 mövsümün nəticələrinə əsasən 4,790 xala malik Azərbaycanın reytinqdə irəliləməsinə səbəb olub. Artıq ölkəmiz Avropada 38-ci pillədədir. Bu matçlaradək 39-cu olan Azərbaycan I təsnifat mərhələsində xala həsrət qalan Sloveniyanı (4,624) arxada qoyub.

Bu uğura ağdamlıların Makedoniyanın “Metallurq” klubu ilə səfərdə, “Xəzər-Lənkəran”ın isə evdə Moldova “Olimpiya”sə ilə heç-heçə etməsi (hər ikisi - 1:1) səbəb olub. İndi ölkəmiz 37-ci olan İslandiyanı (4,957) arxada qoymağa çalışacaq. 36-cı pillədə olan Gürcüstan isə (5,832) hələlik əlçatmaz görünür.