“Bizim üçün əsas çətinlik qısa zamanda viza, bilet məsələlərini həll etməkdir”
10.07.2010 - 13:04
“Bizim üçün əsas çətinlik qısa zamanda viza, bilet məsələlərini həll etməkdir”
“Biz “Portadaun” klubunu da keçməyə iddialıyıq. Hədəfimiz növbəti təsnifat mərhələsinə çıxmaqdır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanı Avroliqada təmsil edən “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.

Turnirdə I təsnifat mərhələsində Makedoniya “Metallurq”unu (evdə 4:1, səfərdə 1:1) mübarizədən kənarlaşdıran Ağdam təmsilçisi bu dəfə Şimali İrlandiyanın “Portadaun” komandası ilə görüşəcək. Çəlikəl Böyük Britaniya təmsilçisi ilə görüşdə də qalib gələcəklərinə böyük inamını ifadə edib: “Biz yalnız qələbə, növbəti mərhələyə çıxmaq haqda düşünürük. Təbii ki, rəqibi qiymətləndirir, ona yuxarıdan aşağı baxmırıq. “Portadaun”un təhlil edib, onun haqda informasiya əldə lazımı işlər görəcəyik. İstənilən halda, məqsədimiz bu komandanı da udub, sonrakı mərhələyə çıxmaqdır. Ötən il Avroliqada son təsnifat mərhələsinə kimi irəlilədik. Ən azı bu nəticəni təkrarlayaraq, Azərbaycanı layiqincə təmsil etmək istəyirik”.

Ötən gün gecə saatlarında vətənə dönən “Qarabağ” çətin sınaq qarşısındadır. Komandamız “Portadaun”la ilk oyunu iyulun 15-də rəqib meydanında keçirdiyindən, tezliklə səfərə çıxmalıdır. Klub rəsmisi futbolçularda yol yorğunluğu baxımından problem yaranmayacağına inanır: “Məncə, bu baxımdan heç bir problem olmamalıdır. Gələn çərşənbə axşamı səfərə çıxmağı planlaşdırırıq. İndi bizim üçün əsas çətinlik qısa zamanda viza, bilet məsələlərini həll etməkdir. Bazar ertəsi iş gününün sonuna kimi buna nail olsaq, ertəsi səfərə çıxmaq istəyirik. Bakı – London reysi ilə yollanmağı planlaşdırmışıq. Admir Telinin iki oyunluq cəzası “Portadaun”la ilk görüşdə də meydana çıxmasına imkan vermir. Onu yenə Bakıda saxlamağı düşünürük. Makedoniyaya aparılmayan digər albaniyalı futbolçumuz Ansi Aqolli və Ayxan Abbasova axırıncı həkim müayinəsindən sonra qərar veriləcək. Hər şey qaydasında olarsa, onları bu dəfə səfərə aparmaq fikrindəyik”.

Mehman SÜLEYMANOV