“Qarabağ” Rubinin keçidi ilə bağlı “İnter”lə danışıqlara əsas görmür
10.07.2010 - 23:05
“Qarabağ” Rubinin keçidi ilə bağlı “İnter”lə danışıqlara əsas görmür
“Andrey Rubinin transferində maraqlıyıq. Baş məşqçimiz Qurban Qurbanov da latviyalı yarımmüdafiəçini sərəncamında görmək istəyir. Ancaq Rubinin komandamıza keçidi bizdən asılı deyil”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.

Son iki ildə çıxış etdiyi Bakının “İnter” klubu ilə yollarını ayıran Andrey Rubin karyerasını “Qarabağ”da davam etdirmək istəyir. Ancaq Latviya yığmasının təcrübəli futbolçusunun “İnter”lə müqavilə məsələsində problemin yaranması transferin baş tutmasına imkan vermir. Çəlikəl bu məsələdə gözləmə mövqeyini üstün tutur: “Yəqin ki, bu məsələ “İnter” rəhbərliyi son vaxtlar ölkədən kənarda olduğundan uzanıb. Bizim bu klubla danışıqlar aparmağa əsasımız yoxdur. Əgər Rubinin “İnter”lə müqaviləsi olsaydı, keçidlə bağlı danışıqlar aparardıq. Ancaq biz Andreyi sərbəst futbolçu kimi heyətimizə qatmaq istəyirik. Transfer vərəqəsini alan kimi onunla müqavilə bağlamağı düşünürük. Rubin də bizə müqaviləsinin iyunun 30-da bitdiyini göstərdi. Latviyalı artıq sərbəst futbolçu olduğundan, onu məşqlərimizə qatmağı istəyirdik. Ancaq həmin vaxt “Metallurq” cavab görüşünü keçmək üçün Makedoniyaya yollanmalı olduq”.

Rubinin “İnter”lə məsələsinin özünün həll etməsini daha düzgün sayan “Qarabağ” rəsmisi onun Avroliqanın II təsnifat mərhələsində Şimali İrlandiyanın “Portadaun” klubu ilə oyunlara sifariş etmək istədiklərini gizlətmir: “Növbəti mərhələ üçün yeni bir futbolçunun adını UEFA-dakı iştirak ərizəsinə daxil etmək hüququmuz var. Rubinin komandamıza keçidi baş tutarsa, onun “Portadaun”la oyuna bir sutka qalmışa qədər sifariş edə bilərik. Andreyi bu gündən məşqlərimizə qatmağı düşünürük. Təbii ki, bu məsələdə baş məşqçimizin istəyini nəzərə alacağıq. Andreyin transferində problem qalmazsa, onu Şimali İrlandiyaya da aparmaq istəyirik. Ancaq onu sifariş edə bilməyəcəyiksə, komanda ilə birgə səfərə çıxmasına lüzum olmayacaq”.

Qeyd edək ki, “Qarabağ” iyulun 15-də qonağı olacağı “Portadaun”la görüşə iki gün qalmış səfərə çıxmağı planlaşdırır.

Mehman SÜLEYMANOV