Tomaş Bandrovski: Biz o əlaqəni qırmalıyıq
12.07.2010 - 23:34
Tomaş Bandrovski: Biz o əlaqəni qırmalıyıq
“Biz Bakının “İnter” klubunun oyununu videoyazılarını izləmişik. Rəqibimizin necə oynadığını yaxşı təhlil etmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun futbolçusu Tomaş Bandrovski deyib. Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “İnter” klubu ilə görüşəcək Poznan təmsilçisinin 26 yaşlı yarımmüdafiəçisi rəqib haqda yaxşı məlumatlı olduqlarını gizlətmir.

Bandrovski “İnter”in güclü tərəfini yaxşı bildiklərini və bunun qarşısını almağa çalışacaqlarını açıqlayıb: “Bəri başdan deyim ki, “İnter”in oyunu adamda xoş təəssürat yaradır. Rəqibimiz yaxşı qurulmuş bir komandadır və səviyyəli bir hücumçuları da var. O, topu yarımmüdafiəçilərindən qəbul edən kimi qapıya təhlükəli zərbələr vurur. Bizim əsas vəzifəmiz də onunla orta sahə oyunçuları arasında olan əlaqəni qırmaqdır”.

Qeyd edək ki, “İnter” və “Lex” arasında bu gün keçiriləcək oyun saat 20:00-da başlayacaq.