“İnter”in yeni kapitanı: Bizi “Lex”lə oyunda heç-heçə qane etməyəcək
13.07.2010 - 09:14
“İnter”in yeni kapitanı: Bizi “Lex”lə oyunda heç-heçə qane etməyəcək
Bakının “İnter” klubunun yeni kapitanı Vladimir Levin seçilib. Apasport.az saytının məlumatına görə, Samir Abbasovun Ağdamın “Qarabağ” klubuna qayıdışından sonra yeni kapitan seçməli olan “bankirlər” yığmamızın da şərəfini qoruyan 26 yaşlı müdafiəçiyə üstünlük verib. Bununla da “İnter”i yeni mövsümdə ilk oyuna – Çempionlar Liqasının II təsnifat mərhələsində Polşanın “Lex” klubu ilə bugünkü görüşə Vladimir çıxaracaq. Əslən ukraynalı olan Levin xeyli vaxtdır milliləşərək, yığmamıza da cəlb olunur və bu üzdən yerli oyunçu statusu daşıyır. Növbəti mövsümdən yenidən legionerlərə limitin tətbiq olunacağını nəzərə alsaq, daim meydanda olan kapitanın əcnəbi olmamağı sərfəlidir və Vladimir bu işdə də “İnter”ə yarayır.

Hələ Bolqarıstandakı yoxlama oyunlarında sarğını daşıyan ukraynalının komandada uzun müddət çıxış etməsi da nəzərə alınıb. Belə ki, Levin “İnter” yaranandan, yəni 2004-cü ilin yayından onun şərəfini qoruyan yeganə futbolçudur. Müdafiəçi son üç ildə iki dəfə çempionluq qazanan “bankirlər”in daim əsas futbolçularından olub. Ancaq Levin kapitanlıq təcrübəsi olmadığından bu işi bacaracağı ilə bağlı tərəddüd edir: “Çünki ilk dəfədir kapitan oluram. Hər halda, bu sarğını layiqli daşıyacağıma çalışacağam. Bütün kollektivin məndən razı qalmasına səy göstərəcəyəm. Bizi “Lex”lə ev oyununda heç-heçə yox, qələbə qane edəcək. Hamımız bunu qazanmaq istəyirik. Şansımızı əldən buraxmaq fikrində deyilik”.

Qeyd edək ki, “İnter”in vitse-kapitanları da legionerlər – litvalı hücumçu Robertas Poşkus və çexiyalı Bronislav Çervenka seçilib.