Yatsek Jelinski: Dəhşətli istilər Bakıda bizə çətinlik yaradacaq
13.07.2010 - 10:20
Yatsek Jelinski: Dəhşətli istilər Bakıda bizə çətinlik yaradacaq
“Komandamız “İnter” ilə oyuna hazırdır. Hər iki komanda mövsümə yeni başladığından, qüvvələr nisbəti bərabərdir. Buna görə də şansları bərabər saymaq olar”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “İnter”in Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olan Polşanın “Lex” klubunun baş məşqçisi Yatsek Jelinski deyib.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda ilk görüşə çıxacaq Poznan təmsilçisi Bakıdakı havalardan şikayətlənib: “Həqiqətən də dəhşətli istidir. Bu, bizim üçün çətinliklərdən biri olacaq. Hava amili xeyrinizə olacaq. Ancaq istənilən halda biz gücümüzə güvənirik”.

Jelinski komandasını üstün saysa da, bu haqda qəti fikir söyləməyə tələsmir. O, ilk oyundan sonra proqnoz verməyi daha düzgün sayır: “Şübhəsiz ki, bizim klublar Azərbaycan komandalarından statistikaya görə bir baş üstündür. İki ölkə təmsilçilərinin avrokuboklarda əvvəlki görüşləri bunu göstərir. Ancaq bununla belə, biz statistikanı kənara qoyub, daha çox oyun haqda fikirləşirik. Kimin güclü olması statistika ilə yox, meydanda müəyyənləşəcək. Biz Bakıda məğlubiyyət haqda heç fikirləşmirik. Doğrudur, futbolda hər bir nəticə ola bilər. Ancaq biz bura qələbə dalınca gələrək, cütün taleyini ilk oyunda həll etmək istəyirik”.