Mundialın “koreyalı soyadı”
13.07.2010 - 10:55
Mundialın “koreyalı soyadı”
İnternetdəki idman yazılarım yaşıl meydanda o baş-bu başa vurnuxan topa oxşayır. Onlar istənilən rəqib qapısından asanlıqla keçər. Bu da qələbə! Bəs sonra? Sonrası məlum olmadığından ən gözəli meydan boyu şütüməkdi.

Qoy qələbəni ispanlar çalsınlar. İki ildə iki dəfə! İndən belə nədən ötrü tər tökəcək Avropa və Dünya çempionu? Onlara yazığım gəlir.

Sa-ra! Onun öpüşü yüz Avropa və Dünya kubokuna dəyərdi.

İker Kasilyas:

mundialda ən az top buraxdı,

“qızıl əlcək” qazandı,

İspaniya millisinin kapitanı kimi adını tarixə yazdırdı,

sağlığında öz heykəlinin önünə əklil qoydu,

amma canlı yayımdaca sevgilisini öpməyi...

Yaxşı ki bu hadisəni idman telejurnalistləri şərh eləmədilər. Təxminən belə deyəcəkdilər: “İker Kasilyas öz xoşbəxtliyini sevgillisi Saranın dodaqlarında tapdı”.

İspanlar altı (!) qələbə və səkkiz (!) qolla dünya çempionu oldular. Birinci oyunu uduz və sonda dünya birincisi ol! Hələ belə şey görünməmişdi. Hollandlar ardıcıl altı oyunu uddu və sonda məğlub oldular.

Almaniya-İngiltərə və Argentina-Almaniya oyunlarından gözəl nə vardı bu çempionatda? Bravo, Almaniya!

Uruqvaylı Dieqo Forlandan özgə kimə on doqquzuncu mundialın ən yaxşısı demək olar? Bəlkə David Vilyaya? Forlan İspaniya yığmasının forvardı olsa, nələr eləməzdi? Təbriklər, Dieqo!

Tomas Müller mundialın bombardiri seçildi. İyirmi yaşlı almaniyalı onunla eyni sayda qol vuran üç həmkarını geridə qoymaqla bürünc mükafatın “üstünü düzəltdi”. Almaniya+ Top +Bombardir =Tomas Müller. Sonuncu cümləni Yozef Blatterin bloknotundan köçürmüşəm.

“Barselona” dünyanın ən güclü klubuymuş. Bu acı həqiqət bir daha təsdiqləndi. İspaniyanın bütün qollarını Kataloniya klubunun üzvləri vurdular. Ona görə acı həqiqət deyirəm ki, mən “Real” istəm. “Real”- Madridə “Neftçi”, “Barselona” ya “Ararat” kimi baxıram.

Proqnozla aram yoxdu. Hərdən başqasından hesab soruşmaq azarımısa öldürə bilmədim. Ya “Qol.az”-çı Aydın Bağırovun “Paraqvay” falı, ya da qəzetlərin ulduz falı! Amma Aydın çempionu müəyyənləşdirməkdə ilbizdən qabağa düşdü.

Üst qonşum Sabir indiyəcən bir proqnozda yanılmadı. Hesaba qədər dəqiq dedi! Düzdü, həyatda onun da yanıldığı şeylər var. Amma futboldan əla baş çıxarır. Əslində, Sabirə də mükafat düşməlidi. Qalsın gələn çempionata.

“Almaniyalı” xalq artisti Fəxrəddin Dadaşov “argentinalı”əməkdar artist Fehruz Səxavətdən udduğu balıq qonaqlığının yolunu gözləməkdə. Vaxt uzandıqca şahidlərin sayı artır.

Apasport.az” yazımı FİFA-nın saytına yerləşdirə bilsə, hakimlərə bir-iki naxoş söz deyərdim. Çempionatı gözdən saldılar. 2014-cü il mindialında baş hakim olmasın! Əl-ayağa dolaşmaqdan və səhv qərar verməkdən özgə heç nəyə yaramır baş hakim!

Amma çempionat doğrudan gözəliydi. Ən azı, futbol meydanları. Cənubi Afrikanın futbol meydanlarındakı yaşıllıq. Zənci üzündə təbəssüm. “Qara zurna”nın səsi. Yağış. Qar. Mundial heyif ki, tez qurtardı.

“Daha kimdən, nədən yazaq?

Uzaq, aman Allah, uzaq...”

(V.Səmədoğlu )

Mundialın “koreyalı soyadı” – mundialın sonu deməkdi. Son - mənim əsgər yoldaşım olub. O, həmişə hərbi hissənin həyətində itlə top oynayırdı. Bir gün komandirlərə yaxşıca ət qonaqlığı verəndən sonra başladı tək top qovmağa...

Qulu Ağsəs