Zaur Həşimov: “Portadaun”u keçib, “Yuventus”la qarşılaşmaq istəyirəm
13.07.2010 - 11:19
Zaur Həşimov: “Portadaun”u keçib, “Yuventus”la qarşılaşmaq istəyirəm
“Müxtəlif mövqelərdə oynamağım ilk dəfə deyil. Karyeram ərzində sol cinah yarımmüdafiəçisi, dayaq yarımmüdafiəçisi kimi də meydana çıxmışam”. Bu sözləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun müdafiəçisi Zaur Həşimov deyib.

Avroliqanın təsnifat mərhələsi çərçivəsində “Metallurq”la Bakıda keçirilən oyunda müdafiənin sağ cinahında yer alan təcrübəli futbolçu cavab matçında mərkəz müdafiəçisi funksiyasını yerinə yetirib. Artıq müxtəlif mövqelərdə oynamağa alışan Həşimov bunu özü üçün problem saymır: “Sadəcə, hansısa mövqeyə alışmaq üçün 1-2 oyun oynamaq lazımdır. Bakıdakı oyunda sağ cinah müdafiəçisi oynasam da, hücuma tez-tez qoşula bilmirdim. Müdafiənin mərkəzində çox oynamışam. Elə çempionat oyunları zamanı da Rəşad Sadıqov zədələndikdə və ya Admir Teli olmayanda mərkəzdə oynayırdım”.

Ağdam təmsilçisi Avroliqanın II təsnifat mərhələsində iyulun 15-də Şimali İrlandiyanın “Portadaun” klubunun qonağı olacaq. Rəqibin Britaniya futboluna üstünlük verdiyini bildirən Zaur xüsusilə “ikinci mərtəbə”də yaxşı oynadıqlarını deyib: “Oyuna qədər rəqib haqqında lazımi informasiya toplayacağıq. Hər halda, “Rusenborq”dan güclü komanda olmayacaqlar. Buna baxmayaraq, rəqibə hörmətlə yanaşırıq. Onlar Britaniya futboluna üstünlük verirlər. U-19-da oynayan vaxt Şimali İrlandiya ilə qarşılaşmışdıq. 3 qoldan ikisini başla vurmuşdular”.

Həşimov III mərhələdə görüşmək istədiyi komandanın adını da açıqlayıb: “Hələ arxı keçək, sonra hop deyək. Biz mərhələni adlamamışıq. Təbii ki, tanınmış klublarla qarşılaşmaq istəyirik. Ötən il məğlub olduğumuz “Tvente” mövsümün sonunda Hollandiya çempionu oldu. İstəyirəm ki, “Qarabağ” “Yuventus”la qarşılaşsın”.