AFFA-dan yeni layihə
13.07.2010 - 11:31
AFFA-dan yeni layihə
Ölkəmizdə futbolun kütləviliyinin təmin olunması və məhəllə futbolunun inkişafı məqsədilə AFFA yeni layihənin həyata keçirilməsinə başlayır. Apasport.az saytının məlumatına görə, assosiasiyanın bu yeniliyi səyyar meydançalarla bağlıdır. Belə ki, paytaxtın müxtəlif məhəllələrində səyyar meydançalar quraşdırılacaq.

Hər bir məhəllədə 1 həftə ərzində qalması nəzərdə tutulan bu tipli meydançalarda yaş həddindən asılı olmayaraq istənilən şəxs günün istənilən vaxtında futbol oynaya bilər. Bu layihə uşaqların yay tətilində asudə vaxtlarını səmərəli keçirməsinə xidmət edəcək. “Futbol oynayaq, sağlamlığı qoruyaq” devizi altındakı layihə ilkin olaraq Bakıda, sonra isə digər bölgələrdə keçiriləcək.

Məhəllələrində səyyar meydançanın quraşdırılmasını istəyənlər layihəyə qoşulmaq üçün AFFA-ya müraciət etməlidir. Lakin bunun üçün zəruri olan şərtlər də var. Belə ki, meydançanın quraşdırılması üçün minimum eni 12, uzunluğu 32, maksimum eni 25, uzunluğu 45 metr olan sahə olmalıdır. Özü də bu ərazinin özəl olmaması, həmçinin icra nümayəndəsinin və bələdiyyənin məlumatlandırılması da vacibdir. Bundan başqa, meydança quraşdırılan sahəyə məsul şəxs təyin olunmalı və qorunması üçün mühafizə təşkil edilməlidir.

Mənbə: affa.az