“Problemimizin həllində Elxan Məmmədovun çox köməyi dəydi”
13.07.2010 - 11:52
“Problemimizin həllində Elxan Məmmədovun çox köməyi dəydi”
“Şimali İrlandiyaya bu gün Bakı-London-Belfast reysi ilə yollanmağı planlaşdırırdıq. Biz sifariş etmişdik, biletlərimiz də hazır idi. Ancaq Böyük Britaniyanın ölkəmizdəki səfirliyindən viza almağımız uzandığından, həmin hava reysinə çata bilmədik”. Bu fikirləri apasport.az saytına açıqlamasında Ağdamın “Qarabağ” klubunun direktoru Əmrah Çəlikəl deyib.

Avroliqanın II təsnifat mərhələsində Şimali İrlandiyanın “Portadaun” klubu ilə səfər oyununa bu gün yollanmağı planlaşdıran komandamız hələ də viza ala bilməyib. Məsələnin bu gün həll olunacağını gözləyən Çəlikəl AFFA-nın baş katibi Elxan Məmmədova dərin minnətdarlıq edir: “Böyük Britaniya səfirliyi viza məsələsinə internet müraciəti əsasında baxır. Dediklərinə görə, kompüter əsasında viza almaq üçün bir ay sonra vaxt təyin olunur. Təbii ki, “Portadaun”la səfər oyunumuzu iki gün sonra keçirəcəyimizdən bu vaxt bizə sərf etmir. Biz də məsələ ilə bağlı AFFA-ya, Şimali İrlandiya klubuna rəsmi müraciət etməyə məcbur olduq. Məsələyə UEFA da qarışmalı oldu. Sağ olsun, Elxan müəllimin bu işdə çox köməyi dəydi. O, səfirliklə danışdı. Bütün müraciətlərdən sonra vizaların günortadan sonra veriləcəyi deyilib”.

“Qarabağ”ın rəsmisi səfərə çarter reysi ilə yollanacaqlaını bildirib: “Çarter reysi ilə sifariş etdiyimiz təyyarə bizi gözləyir. Vizaları deyilən vaxtda alsaq, bu gün saat 17:00-18:00-da Şimali İrlandiyaya yollanacağıq. Səfərə 40 nəfərlə yollanmağı planlaşdırmışıq”.

Mehman SÜLEYMANOV