AFFA Milli Mətbuat günü münasibətilə jurnalistləri mükafatlandırdı
19.07.2010 - 11:31
AFFA Milli Mətbuat günü münasibətilə jurnalistləri mükafatlandırdı
Bu gün AFFA-nın inzibati binasında 22 iyul – Milli Mətbuat gününə həsr olunan tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, assosiasiya rəhbərliyi idman jurnalistləri ilə görüşərək, onların qarşıdan gələn peşə bayramı münasibətilə təbrik edib. Yığıncaqda çıxış edən AFFA-nın baş katibi Elxan Məmmədov media nümayəndələrinə xoş arzularını çatdırıb.

Məmmədov assosiasiyanın prezidenti Rövnəq Abdullayev və bütün əməkdaşlar adından jurnalistləri təbrik edərək, bu sahədə də inkişafın aşkar olduğunu bildirib: “Azərbaycan jurnalistikası zəngin tarixə malikdir. Sizlər də idmanımızın, xüsusilə də futbolun yeni tarixini yazırsınız. Futbolumuzun inkişafını təbliğ edir, bunu ictimaiyyətə çatdırırsınız. Futbolumuz kimi, idman jurnalistikasında da inkişaf göz qabağındadır. Əgər 15 il əvvəl azarkeşlər yalnız qəzet və televiziya vasitəsilə futbol haqda məlumat alırdısa, indi daha geniş imkanlar var”.

Qeyd edək ki, tədbirə qatılan jurnalistlər AFFA tərəfindən mükafatlandırılıb.