AFFA milli komandanın oyunlarına bilet satışında yenilik etdi
19.07.2010 - 11:42
AFFA milli komandanın oyunlarına bilet satışında yenilik etdi
Azərbaycan milli komandasının oyunlarına bilet satışı yeni qaydada keçiriləcək. Apasport.az saytının xəbərinə görə, bu barədə jurnalistlərlə görüşündə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

Baş katib yığmanın oyunlarına bilet əldə etmək üçün yeni layihənin vacibliyini vurğulayıb: “Əvvəllər azarkeşlər oyuna bilet tapmırdı. Buna alverçilər səbəb olurdu. Onlar kassalardakı biletləri götürüb, qiymətləri süni şəkildə qaldırırdı. Bununla mübarizə aparmaq üçün yeni layihənin həyata keçirilməsini qərara aldıq. Həm də insanlar saat 18:00-da işdən çıxıb 19:00-dək işləyən kassalara da çatmırdı. Bir sözlə, kassalardan bilet almaq hamı üçün münasib deyildi. İndi bilet satışı elektron yolla həyata keçiriləcək. Bakıda yerləşdiriləcək 10 satış məntəqəsində azarkeşlər bileti kompüter vasitəsilə seçib alacaq. Onlar monitor vasitəsilə boş olan yerlərin siyahısını, həmçinin istənilən yerdən stadionun görünüşünü də izləyə biləcək”.

Məmmədov bildirib ki, bu layihənin başa gəlməsi heç də asan olmayıb: “Marketinq departamentimiz bu layihənin üzərində 8 ay çalışıb. Bu yolla ilk bilet satışı Küveytlə yoldaşlıq oyunu üçün təşkil olunacaq. İlk belə biletləri isə sizlərə təqdim edəcəyik. Hər biriniz istədiyiniz yerdən görünüşü baxıb bileti seçə bilərsiniz”.

Baş katibin sözlərinə görə, bilet satışı daha da təkmilləşdiriləcək: “Gələcəkdə internet vasitəsilə də bilet satışı təşkil edəcəyik. Belə olarsa, artıq azarkeşlər öz ofislərindən də bilet ala bilərlər. İndi nümayiş olunan yenilikdən klublar da istifadə edə bilər. “Xəzər-Lənkəran” klubu ilə bu haqda danışmışıq. Ola bilər ki, gələcəkdə onlar da bilet satışını bu yolla təşkil etsinlər. Çünki Lənkəranda futbola maraq böyük olduğundan, bilet almaq heç də asan olmur”.

Qeyd edək ki, tədbir iştirakçıları kompüter vasitəsilə avqustun 11-də milli komandamızın Küveyt yığması ilə keçiriləcək yoldaşlıq oyununa istədikləri yeri seçərək, həmin dəqiqə çap olunan biletlərə sahib olub.