Həvəsdi, bəsdi!
20.07.2010 - 10:14
Həvəsdi, bəsdi!
“Artıq butsları mismardan asmağın vaxtı gəlib” demək, elə də asan məsələ deyil. Amma ayaqlar sözə baxmırsa, enerji tükənibsə, peşəkar səviyyədə top qovmağın nə mənası? İdmançı bu yolla gülünc hədəfinə çevrilə, karyerası ərzində min bir əziyyətlə qazandığı hörməti, xoş xatirələri yerə vura bilər. Elə ona görə də üzüsulu getmək lazımdı.

Peşəkar karyerasını davam etdirənlər arasında "qoca" deyə biləcəyimiz yetərincə futbolçu var. Kimilərinin yaşı ötüb, kimilərinin isə sadəcə, "motoru çəkmir". Di gəl ki, özlərində cəsarət tapıb, "əlvida" deyə bilmirlər. Əslində, problem cəsarətdə deyil. Sadəcə, top qovmaq bəzi futbolçularımız üçün yeganə qazanc mənbəyi olduğundan, çörəksiz qalmamaq naminə butsları ayaqlarından çıxara bilmirlər. Əlbəttə, aralarında gücləri tükənməsinə rəğmən, oynamaq həvəsi olanlar da var. Amma onların sayı elə də çox deyil.

Aqil Məmmədov (1972). Sumqayıt futbol məktəbinin yetirməsi olan Aqil peşəkar karyerasını davam etdirən ən yaşlı sahə oyunçusudu. Məmmədov ömrünün 38-ci baharında olmasına rəğmən, sevimli peşəsindən əl çəkmir. Son mövsümə "Standard"da başlayan təcrübəli futbolçunun işi baş məşqçi Böyükağa Hacıyevi qane etmədiyindən heyətdən kənarlaşdırıldı. O vaxtdan bəri işsiz olan Aqil hələ də ümidini itirmir. Amma bu yaşdan sonra ona kiminsə qucaq açmasının çətin məsələ olduğunu özü də çox gözəl anlayır.

Açığı, vaxtı ilə yığmamızın və "Neftçi"nin aparıcı üzvü olan Məmmədovu bu durumda görmək xoş deyil. "Əlvida" deməyin vaxtı çoxdan çatıb, Aqil.

Mahmud Qurbanov (1973). "Professor"un oynamaq həvəsinə, futbol sevdasına həsəd aparmaq olar. Ölkəmizin ən titullu futbolçusu 37 yaşında olmasına rəğmən, yaşıl meydanlardan getmək istəmir, daha 1 il də top qovmağı arzulayır. Di gəl ki, onun "Bakı"da qalmasına heç bir anlam vermək olmur. Başa vurduğumuz mövsümü ehtiyat oyunçular skamyasında keçirən Mahmud özü də gözəl anlayır ki, irəlidə də onu analoji aqibət gözləyir. Bəs elədisə, daha bir il ehtiyatda oturub biabır olmağın nə mənası? Açığı, Qurbanovun pul amilinə görə "Bakı"da qalmağa və ehtiyatda oturmağa razı olduğuna inanmıram. Amma indiki halda Mahmudun bu addımına başqa izah da tapmaq olmur.

Kamal Quliyev (1976). Yığmamızın sabiq üzvü, əslində ötən yay qeyri-rəsmi olsa da, karyerasını bitirmişdi. Amma qış fasiləsində "Standard"da özünə sığınacaq tapınca yenidən yaşıl meydanlara döndü. Amma Kamalın qayıdışı heç də uğurlu alınmadı: "Standard" elitadan, Quliyev işindən məhrum oldu.

Kamal da həmşəhərlisi Aqil Məmmədovla eyni durumdadı. İkisi də kiminsə çaşıb onlara dəvət göndərməsini gözləyir. Halbuki gözləməli heç nə yoxdu.

Rafael Əmirbəyov (1976). Əmirbəyova "Bakı"nın kapitanı" deməyə adamın dili gəlmir. Çünki mərkəz müdafiəçisini sonuncu dəfə kapitan sarğısı ilə əsas heyətdə gördüyümüz anı xatırlamaqda çətinlik çəkirik. Son illər ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən Rafael çox nadir hallarda oynamaq şansı qazanır. Bilirsiz "Bakı" rəhbərliyi Əmirbəyova, həmçinin Mahmud Qurbanova niyə qapını göstərmir? Hər ikisi uzun illər halal zəhmətləri hesabına qazandıqları xətir-hörmətə görə hələ də heyətdədilər.

İsmayıl Məmmədov (1976). Cərimə zərbələrinin mahir ifaçısı olan İsmayılın yaxşı günləri "Şəmkir", qismən də "Karvan"la bağlıdı. Loru dildə desək, həmin illər Məmmədovun “qan-qan” deyən vaxtı idi. Amma yaşlandıqca yarımmüdafiəçinin MOİK-li, "Standard"lı günləri başladı. Doğrudur, Məmmədov harda oynamasından asılı olmayaraq, həmişə öz oyunu ilə seçilib. Amma artıq İsmayıl əvvəlki İsmayıl deyil. Onun da getmək vaxtı çatıb. Həvəsdi, bəsdi.

Emin Quliyev (1977). Millimizin sabiq oyunçusunu artıq karyerasını başa vurmuş kimi də elan etmək olar. Di gəl ki, futbolçunun özü rəsmən "əlvida" demək istəmir.

Uzun aradan sonra "Karvan"a lazım oldu, hansı ki, "Karvan" özü artıq heç kimə lazım deyildi. Deyilənə görə, Emin, eləcə də yuxarıda adını çəkdiyimiz İsmayıl Məmmədov "Gəncə"yə üz tutacaq. Premyer Liqanın debütantıdır, ancaq bu cür futbolçularla güclənmək iqtidarındadır. Əgər buna "güclənmək" demək olarsa.

Samir Əliyev (1979). Samir son 3-4 ildə 10-15 oyun keçirib, ya keçirməyib. Ölkəmizin gəlmiş-keçmiş ən istedadlı futbolçularından olan Əliyev "Əbədi zədəlilər" qrupuna daxildir. Zədələrin uzunmüddətli olması işinə biganə olmaqdan və yaş amilindən qaynaqlanır. Nə qədər zədələnmək olar?

Atalar nahaq yerə deməyib: dinsizin öhdəsindən imansız gələr. "Neftçi"də Samirə xətir-hörmətinə görə əl dəymirdilər, boş-boşuna maaş verirdilər. Amma "Neftçi"nin yeni prezidenti Sadıq Sadıqov heç kimin nazı ilə oynamaq niyyətində olmadığını nümayiş etdirdi və Əliyevə qapını göstərdi. İndi Samir ortalıqda qalıb: nə özünə klub tapa bilir, nə də karyerasını başa vurmaq üçün cəsarət.

Zaur Tağızadə (1979). "Əbədi zədəlilər" qrupunun daha bir nümayəndəsi, daha doğrusu, "fəallarından" olan Zaur Tağızadənin futbolçu kimi "Neftçi"dəki günləri başa çatdı.

Sadıq Sadıqov Əliyev kimi onu da heyətdən kənarlaşdırdı. Yeganə fərq, sabiq kapitana komandada məşqçilik vəzifəsinin təklif olunmasındadır. Amma Tağızadə nədənsə "Neftçi"dən vaxt istəyib. Bilmirik, özünə yeni iş yeri axtarır, yoxsa məşqçi olmaq niyyətində deyil. Olmaya müftə maaşdan məhrum edildiyi üçün "Neftçi" rəhbərliyindən inciyib.

Ceyhun Sultanov (1979). Bir neçə ay öncə "Xəzər-Lənkəran"ın xidmətinə ehtiyac duymayaraq, heyətdən kənarlaşdırdığı Sultanov da "zədə epidemiyası"ndan əziyyət çəkir. İki oyuna çıxır, 20 həftə zədəli olur. Son məlumatlara görə, Ceyhun hələlik özünə yeni klub tapmayıb. Amma nədənsə çox arxayındır...

Ramin Nəsibov (1979). Çətin ki, bundan sonra hansısa elita təmsilçisi Nəsibova qucaq açsın. Futbolçu "Simurq"a da lazım deyilsə, karyerasını bitirsə, yaxşıdır. Hər halda, şəxsi münasibətlərə görə Zaqatalada ona sığınacaq vermişdilər. Amma artıq bunu da ona çox gördülər.

Bu siyahını Samir Musayev, İlham Yadullayev, Füzuli Məmmədov və başqalarının hesabına xeyli uzatmaq olar. Amma elə bəhs etdiklərimiz də ibrət götürmək üçün kifayətdir. Təki sözə baxsınlar...

ŞAMO