“Qəbələ” onlayn müsabiqəyə başladı
20.07.2010 - 11:25
“Qəbələ” onlayn müsabiqəyə başladı
“Qəbələ” azarkeşlərini sevindirəcək onlayn müsabiqəyə start verib. Apasport.az saytının məlumatına görə, müsabiqə “British Midland International” və “Qəbələ” klubunun birgə keçirdiyi bilik yarışında “Böyük Britaniya və Azərbaycan futbolu arasında 5 oxşarlıq və 5 fərqlilik” mövzusunda keçirilir.

Müsabiqənin məqsədi Azərbaycanın futbol azarkeşlərinə öz futbol biliklərini nümayiş etdirmək və hər iki ölkədə sevilən oyun arasında fərqləri və oxşarlıqları tapmaq imkanı verməkdir. Bu yarışın qalibi adını qazanacaq həvəskar Londona pulsuz ikitərəfli bilet qazanacaq. İkinci və üçüncü yerlərin sahiblərinə də hədiyyələr veriləcək.

Futbol müsabiqəsi təşəbbüsünü şərh edən BMİ şirkətinin Azərbaycandakı Satış üzrə Meneceri Səbinə İsmayılova bildirib ki, belə bilik yarışının keçirilməsindən və şirkətlərinin futbol dünyasının bir hissəsi olmasından şaddır: “Futbol sadəcə oyun deyil. Az öncə dünya çempionatı atmosferinin hamı tərəfindən hiss edilməsi də buna sübutdur. Futbol insanları daha yaxın və daha xoşbəxt edir. BMİ müasir Britaniya hava yollarıdır. Baxmayaraq ki, Britaniya futbolu İngiltərədə keçmişdə yaranıb, o da müasirləşib. BMI şirkəti Azərbaycanda futbol dünyasının bir hissəsi olmağa şaddır və biz müsabiqənin başlanmasına hazırıq”.

“Qəbələ”nin icraçı direktoru Alastair Saverimutto müsabiqənin azarkeşlərin futbol biliklərinin artmasında böyük rolu olacağını deyib. İngiltərəli mütəxəssis bildirib ki, klubun fanatları ilə ünsiyyət qurmağı səbirsizliklə gözləyirlər: “Qəbələ”də yeni və həyəcanlı bir dövrə daxil oluruq. Bizim uzunmüddətli uğurlarımızın əsas açarı insanlarımız və biliklərimizdədir. Aydındır ki, biz digər futbol xalqlarından həm meydanda, həm də meydandan kənarda çox şeylər öyrənə bilərik. İngiltərə Premyer Liqasının klublarından öyrənmək imkanı sözsüz ki, inkişafımızı sürətləndirəcək. Biz bu təşəbbüsü çox dəstəkləyirik və cavabları nəzərdən keçirməyi, öz azarkeşlərimizlə futbol izləyiciləri ilə ünsiyyətdə olmağı səbirsizliklə gözləyirik”.

Qeyd edək ki, müsabiqədə iştirak edəcək şəxslərin yaşı 18-dən yuxarı olmalıdır. Futbol azarkeşləri “Qəbələ” internet səhifəsinə (www.gabalafc.az) baş çəkməklə özlərini sınaya bilərlər. Bu gün start götürəcək müsabiqə avqustun 8-də bitəcək. Bu tarixdən gec göndərilən yazılar nəzərdən keçirilməyəcək.