Polşalı məşqçi Əfran İsmayılovu bəyəndi
21.07.2010 - 10:46
Polşalı məşqçi Əfran İsmayılovu bəyəndi
Sabah Bakıda keçiriləcək “Qarabağ” və “Portdaun” matçını əcnəbi mütəxəssislər də izləyəcək. Apasport.az saytının məlumatına görə, Avroliqanın III təsnifat mərhələsində Ağdam təmsilçisi ilə qarşılaşmaq ehtimalı olan Polşanın “Visla” klubunun məşqçisi Andreu Bahr bu gün Azərbaycana gələcək.

Onun paytaxtımıza gəlişinin səbəbi “Qarabağ”ın oyununu canlı izləməkdir. Bahr bildirib ki, videolentlə kifayətlənmək fikrində deyillər: “Əlimizdə hər iki komandanın bir neçə oyununun lenti var. Amma matçın videoyazısına baxmaqla, hər şey həll olunmur. Matçı canlı izlədikdə çox mətləblərə aydınlıq gəlir. Burada futbolçuların oyunu ilə bərabər stadiondakı atmosfer barəsində də məlumatlı olursan”.

Bahrın sözlərinə görə, “Visla” və “Qarabağ”ın növbəti mərhələ şansları yüksəkdir. Lakin polşalı mütəxəssis sensasiya baş verə biləcəyini də istisna etməyib: “Fikrimcə, indidən növbəti mərhələyə yüksələn klubların adlarını söyləmək tezdir. Amma “Visla” və “Qarabağ” ilk görüşdə qələbə qazandıqlarından şansları yüksəkdir. Belə oyunlarda proqnoz vermək çətindir. Şimali irlandiyalılar da Bakıda heyflərini çıxa bilərlər. Gəlin, tələsməyək. Bütün suallara iyulun 22-də aydınlıq gələcək”.

Avroliqanın II təsnifat mərhələsində səfərdə “Portdaun”a 2:1 hesabı qalib gələn “Qarabağ” komanda oyunu nümayiş etdirir. Bakıya gələn “casus”u da bu hal narahat edir. Bahr bildirib ki, komandanın oyununu canlı izlədikdən sonra hansısa rəyi verə bilər: “Azərbaycanlılar kollektiv oyun nümayiş etdirirlər. Lakin matça baxdıqdan sonra bir çox fikirlər formalaşacaq. “Qarabağ” meydana rahat çıxacağından bəzi “gedişlər” qaranlıq da qala bilər. Ağdam klubunun əlavə üstünlüyü də var. Bu hava ilə bağlıdır. Orada isti olması, oyunun nəticəsinə birbaşa təsir edə bilər”.

Ötən il Avroliqada komandanın yaxşı çıxış etdiyi barədə polşalıların da məlumatı var. Heyətdə bəzi dəyişikliklərin olması və yeni futbolçuların transferi Ağdam klubunun bir daha “sirli qutu” edib.

“Son mövsümlə müqayisədə “Qarabağ”ın heyətində bir sıra dəyişikliklər var. Onların heyətində 67-ci və 86-cı dəqiqələrdə qol vuran Əfran İsmayılov diqqətəmi cəlb edib. Lakin yeni futbolçuları da pis təsir bağışlamır. Bütün bunlar barədə oyundan sonra ətraflı məlumatım olacaq. Növbəti mərhələdə biz bu komanda ilə qarşılaşsaq baş məşqçimizdə demək olar ki çox məlumat olacaq” – deyə Bahr bildirib.

Qeyd edək ki, “Visla” səfərdə “Şaulyay”a (Litva) 2:0 hesabı ilə qalib gəlib.