Rəşad Abdullayev: Artıq nəticə qazanmağın vaxtı çatıb
21.07.2010 - 11:44
Rəşad Abdullayev: Artıq nəticə qazanmağın vaxtı çatıb
“Növbəti mövsümə Avstriyada olduğu kimi, Türkiyədə də ciddi hazırlaşırıq. Premyer Liqanın startına 20 gündən də az vaxt qalıb. Məqsədimiz çempionata hazır olub, ən yüksək yerlər uğrunda mübarizə aparmaqdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev deyib.

Təcrübəli futbolçu Türkiyənin Bolu şəhərində keçirilən təlim-məşq toplanışından razıdır. Azərbaycan yığmasının üzvü bildirib ki, növbəti mövsümdə əsas hədəf “Neftçi”nin öz oyun üslubunu qaytarmadır: “İstəyirik ki, “Neftçi” əvvəlki kimi, özünəməxsus futbol oynasın. Topa daha çox nəzarət etməli, sürətli oyuna üstünlük verməliyik. Son 1-2 mövsümdə müdafiəyə daha çox diqqət yetirirdik. İndi isə hücuma meylli futbola üstünlük veririk. Yoldaşlıq görüşlərində bu əsas amil kimi götürülür. Bəzən elə olur ki, təlim-məşq toplanışında komandanın nəticələri yaxşı olmasa da, çempionatda yüksək nailiyyətlər əldə edir”.

Abdullayev sabah “Orduspor”a qarşı keçiriləcək yoldaşlıq görüşünə də toxunub: “Türkiyənin birinci liqasının təmsilçisi olan rəqibimiz güclü komandadır. Yoxlama matçı olmasına baxmayaraq, qalib gəlməliyik. Çünki artıq nəticə qazanmağın vaxtı çatıb”.

Mənbə: www.neftchifc.com