“Portadaun”un bombardirini Bakıya buraxmadılar
21.07.2010 - 17:14
“Portadaun”un bombardirini Bakıya buraxmadılar
Sabah Avroliqanın II təsnifat mərhələsində “Qarabağ”la cavab görüşündə meydan çıxacaq “Portadaun” əsas futbolçularından birini Bakıya gətirə bilməyib. Apasport.az saytının məlumatına görə, Şimali İrlandiya təmsilçisinin heyətində müəllimi olan hücumçu Riçard Lekki buraxılış bayramı olduğu üçün səfərə getməyə icazə ala bilməyib.

Latviyanın “Skonto” komandasının 2 və “Qarabağ”ın qapısından 1 top keçirən hücumçu bildirib ki, Bakıya gələ bilməsə də “Portadaun”un növbəti mərhələ şansı dəfn edilməyib: “Biz latviyalılarla oyunda da autsayder hesab edilirdik. Lakin rəqiblə evdə 1:1 hesablı “sülh” bağlasaq da, səfərdə qələbə qazana bildik. Bunun üçün indidən nəsə demək tezdir. Növbəti mərhələyə vəsiqə qazanacaq komanda cavab görüşündən sonra müəyyənləşəcək”.

“Portadaun”un Avroliqada bütün qollarını vuran Lekki oyunda iştirak etməməsinə görə təəssüf hissi keçirir. Lakin baş məşqçi Ronni Makfolu güclü mütəxəssis hesab edən futbolçu çalışdırıcılarının növbəti dəfə uğurlu taktika seçəcəyinə və bunun “Portadaun”a böyük fayda verəcəyini əmindir: “Məşqçimiz də futbolçularımız kimi növbəti mərhələ keçməyimizə inanır. Makfol bizimlə söhbətində hələ şansların itmədiyini bildirib və hər şeyin öz əlimizdə olduğunu söyləyib. Təbii ki, bu qələbədə onun matç günü seçəcəyi taktika da mühüm rol oynayacaq”.

Qeyd edək ki, “Qarabağ” və “Portadaun” arasında cavab oyunu sabah saat 21:00-da keçiriləcək.