İnyaç: İlk 10 dəqiqəyə “İnter”in qapısına 5 qol vurmalı idik
22.07.2010 - 10:24
İnyaç: İlk 10 dəqiqəyə “İnter”in qapısına 5 qol vurmalı idik
“Özümüz özümüzə problem yaratdıq. İlk 10 dəqiqədə 5 qol vura bilərdik. Bunu bacarsaydıq, böyük hesablı qələbə qazanmış olacaqdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Polşanın “Lex” klubunun futbolçusu Dimitriye İnyaç deyib.

Çempionlar Liqasının II təsnifat mərhələsində Bakının “İnter” klubunu mübarizədən kənarlaşdıran poznanlıların yarımmüdafiəçisi cavab oyununun penaltilər seriyasına qədər uzanmasından narazı qalıb: “Meydanda aşkar üstünlüyümüz var idi. Lakin bunun hesabda əks olunmasına nail ola bilmədik. Bizim hücumlarımız fonunda “İnter” nadir hallarda təhlükə yaradırdı. Lakin bunların birindən sonra onlar qol vura bildilər. Düşünürəm ki, bu penaltilər seriyasından sonra biz özümüzə gələcəyik. Ən əsası isə odur ki, mərhələni keçdik”.

Qeyd edək ki, “Lex”in 9:8 hesabı ilə qalib gəldiyi penaltilər seriyasında İnyaç zərbəni dəqiq yerinə yetirib.