“Rumıniyanın hansısa klubu “Xəzər-Lənkəran”ın imkanlarına malik deyil”
27.07.2010 - 16:33
“Rumıniyanın hansısa klubu “Xəzər-Lənkəran”ın imkanlarına malik deyil”
“Xəzər-Lənkəran”la menecerlər vasitəsilə ilə əlaqə qurduq. Razılığa tez gəldik və İstanbulda müqavilə bağladıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri “Xəzər-Lənkəran”ın yeni baş məşqçisi Mirça Rednik deyib.

Rumıniya mətbuatına müsahibəsində Rednik bildirib ki, Azərbaycandakı şəraitə qibtə etmək olar. Tanınmış mütəxəssis ölkəmizdə infrastrukturun yaxşılaşdırıldığını və futbolçulara yaxşı pul verildiyini vurğulayıb: “Xəzər-Lənkəran”da olan vəziyyət keçmiş komandam Buxarest “Dinamo”sundan qat-qat yaxşıdır. Rumıniyanın heç bir klubu “Xəzər-Lənkəran”ın imkanlarına malik deyil. Klubun sahibləri komandaya və stadionun tikintisinə 25 milyon avro sərmayə qoyub. Rumıniyada da biznesləri var. “Xəzər-Lənkəran”ın stadionunu görmüşəm, 18 min tutuma malikdir. Digər komandaların stadionunun tutumu isə 3 minə yaxındır”.

Rumıniyalı çalışdırıcı ölkəmizdə ilk növbədə mətbəxdən heyran qalıb: “Burada qəribə yeməklər var. Qoyun əti Rumıniya ilə müqayisə tam fərqli dad verir. Elə pirojnalar var ki... Bütün komanda mənə “delikates” yeməyi tövsiyə edir. Lənkəran çox gözəl məkandır. Burda dağ və dəniz var. Əgər Bakı və Lənkəranda çoxlu tikintiləri görsəniz, gülməyin”.

Qeyd edək ki, Rednik müsahibəsində yanlışlığa yol verib. Əvvəla, “Xəzər-Lənkəran”ın stadionu maksimum 15 min azarkeş tutumuna malikdir. Digər komandalarımızın stadionlarını isə heç də 3 min yox, bundan xeyli artıq azarkeş doldura bilər.