AFFA milli komandaya rəqib tapdı
27.07.2010 - 17:00
AFFA milli komandaya rəqib tapdı
Azərbaycan yığması bu ilin noyabrın 17-də Çernoqoriya ilə yoldaşlıq görüşü keçirə bilər. Apasport.az saytının məlumatına görə, həmin tarixdə oyunun keçirilməsi ilə bağlı AFFA və Çernoqoriya Futbol Federasiyası (ÇFF) arasında danışıqlar gedir.

Əslində, noyabrın 17-də yığmamızın səfərdə Malta ilə yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulmuşdu. Ancaq həmin oyun təxirə salındığından yeni rəqib tapmaq gündəmə gəlib və bunda yığmamızın baş məşqçisi Berti Foqtsun da rolu ola bilər.

Məsələ ondadır ki, Foqts “Bakı”nın Avroliqada “Buduçnost” klubu ilə cavab görüşünü izləmək üçün Çernoqoriyaya yollanmışdı. O, Podqoritsada keçirilən görüşü ÇFF-nin prezidenti, ötənlərin məşhur futbolçusu Deyan Saviçeviçlə birgə izləmişdi. Onu da nəzərə alaq ki, Çernoqoriya Maltadan güclü rəqibdir və bu, oyun təcrübəsinin artırılması məqsədilə yoldaşlıq görüşləri təşkil olunan yığmamıza faydalıdır.