Qyoko Hacıyevski: Onları bizim futbolçu saymaq olmaz
28.07.2010 - 11:11
Qyoko Hacıyevski: Onları bizim futbolçu saymaq olmaz
“Ceyhun Sultanovla Samir Əliyevi komandamda görmək istəyirəm. Hazırlığımızda iştirak edirlər. Sadəcə, hələ müqavilə bağlanılmadığı üçün onları bizim futbolçu saymaq olmaz”. Bu fikirləri apasport.az saytına açıqlamasında Zaqatalanın “Simurq” klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Mövsüm bitəndən sonra komandanın sükanı arxasına gətirilən makedoniyalı mütəxəssis yeni heyət qurur. Yalnız yerli futbolçulardan qurulan “Simurq”un özəyini gənc futbolçular təşkil edir. Ancaq Hacıyevski bir neçə təcrübəli futbolçunun da sərəncamında görmək niyyətindədir: “Gənc oyunçuların əhatəsində təcrübəlilərin olması lazımdır. Onların vəhdətindən yaxşı bir komanda yaratmaq istəyirik. Bu mənada Ceyhunla Samir kimi təcrübəli futbolçular bizə lazımdır. Ancaq onların transferinin həlli üçün klubumuzun prezidenti Zaur Məmmədovu gözləyirik. O, hazırda ölkə xaricində işgüzar səfərdədir və bir neçə günə qayıtmalıdır. Sultanovun “Xəzər-Lənkəran”la müqaviləsi olduğu üçün onun transferini bu klubla danışmaq lazımdır. Prezidentimiz bununla bağlı “Xəzər-Lənkəran”ın rəhbərliyi ilə danışacaq. Əliyevin isə “Neftçi”dən gedəndən sonra sərbəst futbolçu olduğunu bilirik. Sadəcə, onunla da müqavilə məsələsini razılaşdırıb, transferi rəsmiləşdirmək lazımdır. Hər iki futbolçu “Simurq”da oynamaq istəyir. Biz də bunu arzuladığımızdan, keçidi reallaşdırmaq qalır ki, bu da Məmmədovun dönüşündən sonra həllini tapacaq”.

“Simurq” “Xəzər-Lənkəran”ın və yığmamızın digər sabiq futbolçusu Dmitri Kramarenkonun da xidmətində maraqlıdır. Hər halda, Hacıyevski təcrübəli qapıçını sərəncamında görmək istədiyini gizlətməyib: “Kramarenko ilə ilkin danışığımız olsa da, ortada konkret bir şey yoxdur. O, Sultanovla Əliyevdən fərqli, düşərgəmizdə deyil. Dmitrinin “Xəzər-Lənkəran”la müqaviləsinin olması haqda da məlumatımız var. Qapıçı bu məsələni özü həll etməlidir. Kramarenko sərbəst futbolçu olandan sonra onun transferini reallaşdırmaq olar”.

Mehman SÜLEYMANOV