Rövnəq Abdullayev: “Qarabağ”ın nəticələri düz yolda olduğumuzu sübut edir
06.08.2010 - 13:56
Rövnəq Abdullayev: “Qarabağ”ın nəticələri düz yolda olduğumuzu sübut edir
“Avropa Liqasındakı uğurlu çıxışı ilə bağlı “Qarabağ” klubunun rəhbərliyini, məşqçi və futbolçu heyətini, eləcə də ölkə futbol ictimaiyyətini təbrik edirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri AFFA prezidenti Rövnəq Abdullayev deyib.

AFFA başçısı Ağdam təmsilçisinin Avroliqada çıxışını futbolumuzun inkişaf göstərici sayır: “Qarabağ”ın qitə miqyaslı turnirdə əldə etdiyi müsbət nəticələr ölkəmizdə futbolun inkişafı məqsədilə seçilən yolun, yürüdülən siyasətin, tətbiq edilən strategiyanın doğru olduğunu sübut edir. Respublika Prezidenti tərəfindən imzalanmış “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı” ölkəmizdə futbolun inkişafı üçün vacib olan məsələlərin konkret istiqamətini müəyyənləşdirir. AFFA Dövlət Proqramının həyata keçirilməsi üçün məqsədyönlü fəaliyyət göstərir. İnanıram ki, futbolumuzun inkişafı yüksələn xətt üzrə davam edəcək. “Qarabağ” klubuna UEFA Avropa Liqasının pley-off mərhələsində uğurlar arzulayıram”.

Mənbə: affa.az