“Qarabağ” rekordçu stadionda
06.08.2010 - 23:19
“Qarabağ” rekordçu stadionda
Ağdamın “Qarabağ” klubu Avropa rekordçusu ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, Avropa liqasının IV təsnifat mərhələsində təmsilçimizlə görüşəcək Almaniyanın “Borussiya” klubu qitə rekordunun sahibidir. Belə ki, 2009/10 mövsümünün yekunlarına əsasən Dortmund təmsilçisi ev oyunlarında ən çox tamaşaçı toplayan Avropa klubu adını qazanıb.

Tarixi boyu bu göstərici ilə öyünən Almaniya təmsilçisinin son ölkə çempionatının hər qarşılaşmasını orta hesabla 77284 seyrçi izləyib. Komandalarının Bundesliqada 5-ci olmasına baxmayaraq, dortmundlular ötən il dünyanın ən yaxşı futbol arenası seçilən “Vestfalenştadion”u boş qoymur. Yeni adı “Siqnal İduna Park” olsa da, əvvəlki adı ilə tanınan arenanın ümumi tutumu 81264 nəfərdir.

Xatırladaq ki, hələ bir neçə ay əvvəl açıqlanan bu rekord ikinci yeri tutan “Barselona” (İspaniya), “Mançester Yunayted” (İngiltərə) və “Real”ı (İspaniya) arxada qoymuşdu. Bu komandalar müvafiq olaraq orta hesabla 76828, 74839 və 74622 tamaşaçı toplayırdılar.