“Lipa” kimi oynadığımı heç kim bilməyib”
07.08.2010 - 23:05
“Lipa” kimi oynadığımı heç kim bilməyib”
Azərbaycan yığmasının və “Qarabağ” klubunun futbolçusu Əfran İsmayılovun apasport.az saytına müsahibəsi

- Gənc yaşda məşhurlaşmaq çətin deyil?
- İnsanın özündən çox şey asılıdır. Gərək üzərində daim işləyəsən ki, bu səviyyəyə yüksələ biləsən. Əsas odur ki, insanda qabiliyyət, bacarıq olsun.

- Ölkə miqyasında tanınan futbolçulardansınız. Bu sizə necə təsir göstərir?
- Sözün düzü, elə də məşhur deyiləm. Müəyyən qədər tanınırıq. Kimsə də bizi yolda və ya başqa yerdə görüb yaxınlaşanda, mehribançılıqla yola veririk.

- Futbolda ilk addımlarınızı atanda nə vaxtsa azarkeşlərin sevimlisi olacağınızı düşünürdünüzmü?
- Heç vaxt məşhur olmaq haqqında düşünməmişəm. Ancaq məşq edən vaxt kənardan izləyənlər məni həmişə dəstəkləyirdilər və gələcəyimin parlaq olacağını deyirdilər. Rəşad Sadıqov da həmişə üzərimdə işləməyimi məsləhət görürdü.

- Fanatlarınız çoxdurmu?
- Dəqiq deyə bilmərəm. Amma internetdə poçtama baxanda kifayət qədər məktubun daxil olduğunu görürəm. Onlar məni dəstəklədiklərini bildirirlər. Mənim də onların dəstəyinə böyük ehtiyacım var.

- Mesaj və ya məktub göndərənlər arasında xanımlar da var?
- Mesaj göndərənlər olur. Amma çox dərinə getmirik. Sadəcə, öz dəstəklərini bizdən əsirgəmədiklərini deyirlər.

- Münasibət qurmağı təklif edən olubmu?
- Bu haqda fikirləşmirəm. İndi mənim futbol oynayan vaxtımdır. Belə şeylərə baş qoşsam, futbol sahəsində axsaya bilərəm. Daha doğrusu, futbol yaddan çıxacaq. Bunu nəzərə alıb, hansısa xanımla münasibət qurmaqdan uzaq olmaq istəyirəm.

- Ümumiyyətlə, bununla bağlı mesajlar almısınızmı?
- Almışam.

- Bəs nə cavab vermisiniz?
- Qəlblərinə dəyməməyə çalışmışam. Başa salmışam ki, hələ futbol haqqında düşünürəm. Bütün fikrim, düşüncəm futbol sahəsində irəli getməkdir.

- Dost sarıdan necə, bəxtiniz gətiribmi?
- Bəli, yaxşı dostlarım var.

- Hamısı komanda yoldaşlarınızdı?
- Komandada hamı bir-birinə can deyib, can eşidir. Ayrı-seçkilik yoxdur. Rəşad Sadıqovla lap yaxınam. Çünki onunla otaq yoldaşıyam. Kənarda da dostlarım var.

- Deyəsən, xaraktercə şən insansınız?
- Düz deyirsiniz, gülərüz insanam. Heç kimə qarşı kin-küdurətim yoxdur. Mehriban olmağa çalışıram. Yəni məşqdə yad insan olmur. Ona görə də zarafatımızdan qalmırıq. Ancaq kənara çıxanda və ya yad insanların əhatəsində olanda gülməməyə çalışıram. Gülməyin, zarafatın yeri var.

- Buna görə sizi qınayanlar olub?
- Belə insanlar da var. Mənim üçün kimin nə deməsinin heç bir fərqi yoxdur. Sadəcə, yaxın insanların əhatəsində olanda çox gülməyi üstün tuturam. Bu, həm də mehribançılıqdan irəli gəlir.

- Hər gün eyni işi görmək sizi yormur?
- Xeyr, bu mənim işimdir. Bu yolu seçmişəmsə, gərək sona qədər qət edim. Bu haqda bir qədər yaşı çox olan, eləcə də ailəli futbolçular düşünə bilər. Çünki onlar təlim-məşq toplanışına yollanan vaxt ailələrindən uzaq qalırlar. Buna görə də darıxdırıcı ola bilər. Ancaq mən hələ gəncəm və qət etməli olduğum xeyli məsafə var. İndidən bu haqda düşünsəm, istəyimə nail ola bilmərəm.

- Kumiriniz varmı?
- Kumirim yoxdur, amma “Barselona”ya azarkeşlik edirəm.

- Futbolçu kimi, lazım olan hər şeyi öyrənmisinizmi?
- Hələ nə öyrənmişəm ki? Öyrənəcəyim şeylər çoxdur. Hardasa 40 faiz öyrənmişəm.

- İnternetdə çox vaxt keçirirsiniz?
- Toplanışdan toplanışa. Çünki futbolçular hamısı oteldə qalır, kənara buraxmırlar. İnternet vasitəsilə saytları oxuyuram, baş verən yenilklərdən xəbərdar oluram.

- Tanışlıq xarakterli saytların xidmətindən istifadə edirsinizmi?
- Qətiyyən. Belə şeylər mənlik deyil. Sadəcə, öz uşaqlarımızla məktublaşırıq. Yenə deyirəm, ancaq futbol haqqında düşünürəm. İndi qızlar məktub yazanda da, yumşaq dillə bunun baş tutmayacağını başa salıram.

- Heç dost-tanış sizə irad bildirirmi?
- Unutqanlığıma görə, iradlar eşidirəm. Məsələn, telefonumu tez-tez itirirəm. Dəfələrlə oturduğum yerdə qoyub getmişəm, sonra dostlar götürüb gətiriblər. Buna görə tez-tez irad bildirirlər.

- Bu nə ilə bağlıdır?
- Nə bilim, çox fikir vermirəm.

- Avtomobiliniz varmı?
- Var idi, satmışam.

- Ehtiyacdan satmısınız?
- Xeyr, mühərriki böyük idi. “4X4” gücündə “BMW” idi. Qurban müəllim, Rəşad məsləhət gördü ki, satım. Çünki sürəti böyükdür, yanacağı çox işlədir. Evdəkilər də satmağımı istəyirdi. Sonda satdım.

- Bəs nə vaxt maşın alacaqsınız?
- Yaxın günlərdə alacağam.

- Hansı markaya üz tutacaqsınız?
- Mühərrik gücü “2X7” olan “Prado” alacam.

- Son vaxtlar, xüsusilə də gəncləri aldıqları pula uyğun oynamamaqda ittiham edirlər. Sizə necə, bununla bağlı narazılığını deyən olubmu?
- Mənə bu sözü deyə bilməzlər. Əvvəla elə də yüksək məvacib almıram. İkincisi, də daim üzərimdə çalışıram və futbol baxımından qabağa getmək haqqında düşünürəm. Həmişə də böyük-kiçiyə hörməklə yanaşmışam.

- Ən çox kimin məsləhətinə qulaq asırsınız?
- Atamın, dayımın, Rəşad Sadıqovun, Qurban müəllimin.

- Oğul dayıya oxşayar, deyiblər. Sizdə oxşarlıq varmı?
- Dayım həmişə dəstək olub. Futbola ilk dəfə məni o, aparıb. Bu səviyyə yüksəlməyimdə onun böyük rolu var.

- Məktəb illəri yadınızdadırmı?
- Həmişə futbola görə məni axtarırdılar. Bəzən görürdün ki, balacalarla oynayırdıq. Məni “lipa” kimi oyuna buraxırdılar, heç kimin xəbəri olmurdu.

- Deməli, “lipa” kimi meydana çıxmısınız?
- Uşaq vaxtı oynamışam. İdman müəllimi məcbur oynadırdı. Onda “lipa”nın nə demək olduğunu bilmirdim. İndi “lipa” eləmək istəyənlərə bu addımı atmağı məsləhət görmürəm.

- Məktəbdə sevdiyin qız olub?
- Xoşuma gələn qız olub. Aramızda məhəbbət olsaydı, yaddan çıxmazdı. Sonra heç itirib-axtarmadım. Keçici bir hiss idi.