“Neftçi” və “Qarabağ” mövsümə xal itkisi ilə başladı
08.08.2010 - 21:54
“Neftçi” və “Qarabağ” mövsümə xal itkisi ilə başladı
Bu gün keçirilən qarşılaşmalarla Unibank Premyer Liqasının yeni mövsümündə ilk tura yekun vurulub. Apasport.az saytının məlumatına görə, daha 6 komanda yeni çempionatda ilk oyununa çıxıb. Bir illik fasilədən sonra Premyer Liqaya qayıdan MOİK öz eyniadlı stadionunda yenidənqurma işləri getdiyindən “Qarabağ” kimi bir müddət rəqiblərini Tofiq İsmayılov adına Suraxanı stadionunda qəbul edir ki, buradakı ilk matç da qələbə ilə əlamətdar olub. “Hərbçilər” ilk matçda “Muğan”la üz-üzə gələrək 3:2 hesabı ilə qalib gəliblər.

Son çempionumuz “İnter” isə yeni mövsümü Tovuzda açıblar. İlk 17 dəqiqəyə 3 qol vuran bakılılar qarşılaşmanın sonrakı hissəsində “Turan”ın qapısına yol tapmayıb. Sakit Alıyev iki ildən sonra tovuzluların baş məşqçi postuna qayıdışı isə böyük hesablı məğlubiyyətlə əlamətdar olub.

Premyer Liqanın I turu Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək mərkəzi oyunla yekunlaşıb. Bütün milli çempionatlarımızda iştirak edən əzəli rəqiblər – “Neftçi” ilə “Qarabağ” növbəti dəfə kimin güclü olduğunu müəyyənləşdirməyə çalışıblar. Lakin 1:1 hesablı heç-heçə ilə başlayan tur elə eyni hesablı nəticə ilə də başa çatıb. Bununla da çempionluq iddiasında olan hər iki komanda mövsümə 2 xal itkisi ilə başlayıb.

Futbol üzrə növbəti Azərbaycan çempionatının startı isə dünən verilib. XIX milli çempionatının ilk günündə 3 qarşılaşma baş tutub. Çempionata saat 18:00-da başlayan “Gəncə”-“Simurq” görüşü ilə start verilib ki, bu matçda qalib müəyyənləşməyib. Bu qarşılaşmada hesabı qonaqlar açıblar. Ötən mövsüm “İnter”i çempion edən Kaxaber Sxadadzenin oğlu Baçana zaqatalalıları hesabda irəli çıxarmaqla mövsümün ilk qolunun müəllifi kimi tarixə düşüb. Lakin gəncəlilər Sabir Allahquliyevin qolu ilə məğlubiyyətdən yaxa qurtara biliblər. Bu qol “Bakı”nın baş məşqçisi kimi Azərbaycan çempionluğunu qazanan makedoniyalı Qyoko Hacıyevskinin “Simurq”un “sükanı arxasında” ilk rəsmi matçında qələbə qazanmasına imkan verməyib.

Lənkəranda isə iki əcnəbi mütəxəssis debüt edib. Bununla da “Xəzər Lənkəran” rumıniyalı Mirça Rednik, “Qəbələ” isə əfsanəvi ingilis futbolçu Toni Adamsla yola başlayır. Gərgin keçən oyunun taleyini 1 qol həll edib. Ötən mövsümün sonunda uğursuzluq zolağına düşüb avrokuboklarda da qələbəsiz oyunlar seriyasını davam etdirən Lənkəran təmsilçisi mövsümün ilk oyununda 3 xal qazanmağı bacarıb. Rednikin debütdə qələbə qazanmasına müdafiəçi Elvin Becirinin qolu səbəb olub.

Almaniyalı Vinfred Şafer isə fasilə müddətində gəlsə də, Avroliqada Çernoqoriyanın “Buduçnost” klubu ilə görüşdə siftə edib. Onun çempionatımızda ilk oyunu yeni adla çıxış edən komandaya qarşı olub. Məlum olduğu kimi, əvvəl “Olimpik”, daha sonra “Olimpik-Şüvəlan” adlanan komanda əsas sponsoru olan AZAL-ın adını daşıyır. “Təyyarəçilər” ölkə kubokunun son qalibini qısa zaman kəsiyində vurulan 3 qolla “noqdaun”a salıb. Litvalı Qvidas Yuşka isə mövsümün ilk dublunu rəsmiləşdirib. Paytaxtın eyni adlı təmsilçisi psixoloji cəhətdən hazırlıqlı olduğunu göstərərək özünə gələ bilib. Şaferin yetirmələri iki qolun əvəzini çıxıb üstünlüyə yiyələnsələr də bundan artığına nail olmayıblar.

Unibank Premyer Liqası
I tur


8 avqust

18:00. “TURAN” – “İNTER” - 0:3
QOLLAR Robertas Poşkus, 2, Mario Souza, 5, Dmitri Kruqlov, 17
Hakimlər: Elnur Muradov, Aleksandr Musatkin, Samir Hacıyev, Ramil Diniyev
Tovuz. Şəhər stadionu

18:00. MOİK – “MUĞAN” - 3:2
QOLLAR Nuran Qurbanov, 35, Namiq Adilov, 70, Anar Qasımov, 85 - Ekrem Hodziç, 61, Dan Pisla, 63
Hakimlər: Rəhim Həsənov, Ramiz Əsədov, Mübariz Haşımov, Rauf Cabbarov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

20:00. “NEFTÇİ” – “QARABAĞ” - 1:1
QOLLAR Bahadur Nasimov, 88 - Rəşad Sadiqov, 80
Hakimlər: Fariz Yusifov, Roman Vasilyev, İlham Əliyev, Elvin Əsgərov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

7 avqust

“GƏNCƏ” – “SİMURQ”- 1:1
QOLLAR: Sabir Allahquliyev, 80 - Baçana Sxadadze. 73
Hakimlər: Ceyhun Haşımov, Vaqif Musayev, Munis Abdullayev, Teymur Fərhadov
Gəncə. Şəhər stadionu

“XƏZƏR LƏNKƏRAN” – “QƏBƏLƏ”- 1:0
QOLLAR: Elvin Beciri, 78
Hakimlər: Vüsal Əliyev, Azər Əsgərov, Eldar Nağıbəyov, Əmrah İbrahimov
Lənkəran. Şəhər stadionu

“BAKI”– AZAL - 2:3
QOLLAR Jaba, 64, 77 - Qvidas Yuşka. 44, 52, Mirko Bunyevçeviç. 54:
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Orxan Məmmədov, Hacıəli Ağayev
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu