“Bizdən tələb edirlər ki, Azərbaycan yığmasını məğlub edək”
09.08.2010 - 09:58
“Bizdən tələb edirlər ki, Azərbaycan yığmasını məğlub edək”
“Avstriyada insanlar bizdən tələb edir ki, Avropa çempionatının seçmə mərhələsinə 2 qələbə ilə başlayaq. Qazaxıstan və Azərbaycana qarşı keçirəcəyimiz oyunların çətin olacağını isə çoxları etiraf edir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Avstriya milli komandasının baş məşqçisi Didi Konstantini deyib.

55 yaşlı mütəxəssis Avro-2012-nin seçmə mərhələsinin qrup oyunlarının startı ərəfəsində ilk oyunlarla bağlı fikirlərini açıqlayıb. Konstantini sentyabrın 7-də Qazaxıstan, oktyabrın 8-də Azərbaycan yığmaları ilə ev oyunlarında 6 xal qazanmağın çətin, lakin mümkün olduğunu düşünür: “Avstriyada həmişə yığmadan çox şey istəyirlər. Hər iki rəqibimiz son vaxtlar maraqlı nəticələrə imza atır. Berti Foqts çalışdığı Azərbaycan millisini hər iki həftədən bir 5-6 günlüyə toplanışa yığır. Yəni belə ölkələr var ki, onların imkanları bizdəkindən artıqdır. Lakin bu, həlledici amil deyil. Mən əminəm ki, futbolçularımız əsl peşəkardırlar. Mən onları dəstəkləyirəm, lakin özləri özlərinə kömək etməlidirlər”.

Qeyd edək ki, Avstriya yığmasının yer aldığı seçmə mərhələnin A qrupunda Azərbaycan və Qazaxıstandan başqa Almaniya, Belçika və Türkiyə milliləri də mübarizə aparacaqlar.